vatan (vətən) və fars. del (ürək) sözlərinin birləşməsindən yaranmış hibrid adlardandır.
Günəş ürəkli, qəlbi günəşə bənzəyən, vətənin ürəyi anlamını ifadə edən Aftandil adı Cənubi Qafqaz respublikalarının hər üçündə rast gəlinən adlardandır. Gürcüstanda isə nisbətən çoxdur desək, yəqin ki, anılmarıq. Avtandil Siqaladze və Anzor Totadzenin tərtib etdikləri “Личные и фамильные имена Грузии” (“Gürcüstanın şəxs adları və soyadları“) adlı kitabda Aftandil (gürcülərdə Avtandili) adının gürcü kişi adları sırasında on üçüncü yerdə olduğu qeyd edilmişdir. XX əsrin qırxıncı illərinə qədər Azərbaycanda, demək olar ki, bu ada təsadüf edilməmişdir. Məişətimizə Aftandil kişi adının daxil olması görkəmli gürcü yazıçısı Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin Azərbaycan dilinə tərcümə edildiyi vaxta təsadüf edir. Əsərin üç sevilən qəhrəmanından biri olan Avtandilin şərəfinə ailələrdə dünyaya göz açmış oğlanlara onun adı verilirdi. Ş.Rustaveli əsərin giriş hissəsində dastan barədə məlumat verərkən qeyd edir ki, bu dastan əslində İrandan gürcülərə keçmişdir. Dastanı nəzmə çəkməsini, qələmə almasını xalqın dastana olan maraq və məhəbbəti ilə əlaqələndirir. Ş.Rustavelinin bu barədə fikirlərini dastanda baş verən hadisələrin Gürcüstanda deyil, Şərq ölkələrində, əsasən də Ərəbistanda və Hindistanda baş verməsi də bir daha təsdiq edir. Poemada kifayət qədər ərəb və fars sözlərinə rast gəlinir. Gürcü tədqiqatçıları özləri də adın mənşəyi ilə əlaqədar qeyd edirlər ki, Avtandil kişi adı ərəb-fars mənşəli olub, vatanin ürayi anlamındadır. Lakin bəzi araşdırıcılar, xüsusən də rus tədqiqatçıları heç bir elmi mənbəyə əsaslanmadan və adın mənası ilə əlaqədar şərh vermədən adın gürcü mənşəli olduğu barədə yazırlar. Azərbaycanda adın təhrif olunmuş forması Aftandil sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Yəqin ki, dilimizdə Avtandil adının sonralar Aftandil kimi işlənməsinə kar samitin (t) özündən əvvəlki cingiltili samitə (v) təsiri səbəb olmuşdur. Bu gün ad əsasən Aftandil şəklindədir. Aftandil adı Azərbaycan məişətində elə də uzunömürlü şəxs adlarından olmamışdır. Bu gün adın daşıyıcıları əsasən orta və yaşlı nəslin nümayəndələridir. Cənubi Qafqazın digər respublikalarında hələ də populyarlığını qoruyub saxlamış kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti