Dad sözündəndir, “nəyinsə dadını öyrənmək, aludə olmaq” deməkdir, semantik baxımdan qanıxmaq tipli sözlərlə oxşardır: dadanmaq dada, qanıxmaq isə qana alışmaqdır. Feildən (dadmaq) yox, addan (dad) əmələ gəlib. Uzun və uzan sözlərində qədim kök (etimon) “uz”dur. Etimoloji baxımdan uz-a feildir, -n səkilçisi qayıdış növü düzəldir. Eyni qayda ilə dad ismindən dad-a(maq) feili əmələ gəlib, -n isə onu qayıdış növə salıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu anlam müxtəlif dillərdə müxtəlif cür verilib: Litvada “meşə”, alban dilində “daş”, daha hansı bir dildəsə “ağac” anlamını əks etdirir. Qaqauz dilində də “meşə” mənasını verir, onlar daalık (dağlıq) kəlməsini rus dilinə “лесистая местность” kimi tərcümə edirlər. Bizdə də həmin mənalarla bağlıdır. Qaqauz dilindəki fakt göstərir ki, türk dillərində dağ “meşə”, ”ağac” deməkdir. Başqa bir yozum da mümkündür: dağ sözü “hündür” anlamıını əks etdirir. “Hündür” mənası daha inandırıcıdır. Rus dilində də гора sözü “верх” deməkdir. Görünür, tığ (hündür) kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca “qaynanmış” deməkdir, Dağ su (qaynamış su) deyirik, dağ fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDanışıq dilində işlədilən bu sözün “cığal” və “lovğa” mənaları məlumdur. Sözün kökü, əslində, dağar yox, ”dağal”dır. Elə cığal kəlməsi də dağal sözünün dəyişmiş formasıdır. İkinci yozum da mümkündür: söz darğa kəlməsi ilə bağlı ola bilər,dağarcıqlanmaq “özünü darğaya bənzətmək” deməkdir. Bu, daha inandırıcı variantdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQaqauz dilindəki daalık (dağlıq) sözü ruscaya “лесистая местность” kimi tərcümə edilib. “Dağ” anlamını əks etdirən söz Litva dilində “ağac, meşə”, alban dilində isə “daş” mənasını əks etdirir. Deməli, dağ kəlməsinin bir mənası “meşə, ağac” deməkdir. Dağdağan kəlməsində iki dağ sözü var: birinci “dağ” (qora ), ikinci isə “ağac” anlamını verir. Dağdağan (dağda doğan, bitən) “dağ ağacı” deməkdir. Türkmənlərdə belə bir deyim mövcuddur: daqdan daqda bitir. Ruslar bu ağaca “каменное дерево” deyirlər, səbəbi isə odur ki:
1. Dağdağan ən çox daşlı yerdə bitir.
2. Daş kimi bərk olur (balta zorla kəsir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDağılmaq, dağınıq, darmadağın kəlmələri ilə qohumdur. Sözün kökü “dağ”dır. -ı şəkilçisi isimdən feil düzəldib (bərk-i-mək qəlibi üzrə). İndi dağı feili müstəqil söz kimi işlədilmir, amma dağı-t, dağı-l sözləri göstərir ki, dağı törəmə kökdür. Bəs niyə ilk kök “dağ”dır? Çünki dağıtmaq “bu dağdan o dağa səpələmək”, ”diyarbadiyar etmək” deməkdir. İkinci ehtimal da var: söz, əslində, yağıtmaq kimi olub ki, bu da yaymaq feili ilə bağlıdır. Türk dillərində d-y əvəzlənməsi mümkündür. Məsələn, qabaqlar quyu yerinə, qudu işlədilib və s. Deməli, dağıtmaq sözü yaymaq kəlməsi ilə qohum ola bilər. Darmadağın (əsli: dağ-ma-dağ-ın) sözü də dağıtmaq kəlməsi ilə qohumdur. Darmadağın kəlməsinin birinci komponenti (dağ) feil deyil, -ma bağlayıcıdır (“və” deməkdir), dağın isə feildən düzəlib (dağ-ı-n). Əslində, dağıl, dağıt formaları göstərir ki, törəmə kökü dağı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDaqqa sözünün qədim kökü daq kəlməsidir; “qab” mənasında işlədilib və çanaq kimi ölçü vahidi olub. İndi həmin kəlmə şəkilçiləşmiş formada bardaq, cürdək kimi sözlərdə müşahidə olunur. Papağın forması daqqaya oxşadığından (yəni овалный olduğundan) daqqapapaq kəlməsi meydana çıxıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHeyvanlarda cinsi əlaqəni ümumi şəkildə höyürə gəlmək ifadəsi əks etdirir. Mənbələrdə höyur sözü erkək kimi açıqlanıb. Bununla belə, qoyun qoça gəlir, inək buğaya gəlir, camış kələ gəlir və s. Burada heyvanın erkəyinin adı ön plandadır. Amma it köpəyə gəlmir, at ayğıra gəlmir... İt (canavar, çaqqal...) kürsəyə gəlir. At, eşşək, dəvə dalaba gəlir. Niyə? Kürsək sözü mənbələrdə belə açıqlanıb: kürsə (kürü sözü ilə bağlı olmazmı?!) sözünün mənası cinsi qızışma deməkdir, feildir. Kürsək isə həmin feildən əmələ gəlmiş isimdir. Görünür, kürü sözünün kökü “kür”dür. -cə şəkilçisi “susamaq”qəlibi üzrə onu feilə çevirib. -k (-ək) şəkilçisi isə feildən ad əmələ gətirib. Bu baxımdan kürsə “kürüyə meyl etmək” deməkdir. Dalab, məncə, döl və ab hissələrindən ibarətdir, döl öz sözümüzdür, ab isə farscadan (hərfi mənası”dölsuyu-sperma” deməkdir). Başqa yozum da mümkündür: dalabagəlmək, əslində, “tələbə gəlmək” (tələbi ödəmək) deməkdir. Qaqauz dilində dalap ”tələb”, talaf isə “at xəstəliyinin bir növü” kimi açıqlanır. Bunlar hələlik subyektiv mülahizələrdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti