Çox adam fars mənşəli hesab edir, Radlova görə, ərəbcədir və “hirsli” deməkdir. Kür isə “dəli”dir. Çay adları üçün yarayan sözlərdir. Deyim var: “Araz aşığındandır, Kür topuğundan”. Aşıq heyvanın arxa ayaqlarının diz hissəsində olur, topuq ondan çox aşağıda yerləşir. Kür çayı Arazdan böyükdür. Bəs niyə belə ziddiyyət var? Ruslar bu deyimin müqabilində “море по колено” işlədirlər (“dərinlik bizi qorxutmur” deməkdir). Bizdə də həmin fikir ifadə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDəyirmanda daşın ətrafına yığılmış un tozuna ard unu deyilir. Ard, farsca “un” deməkdir. Deməli, ard unu birləşməsi iki sinonimin yanaşı işlədilməsi sayəsində əmələ gəlib. Başqa yozum da mümkündür: bizdə ard “arxa tərəf” deməkdir. Ard unu da dəyirman daşının ətrafına (arxasına) yığılan undur. İkinci variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Təmizləmək” mənasında ar feili olub. “Aydan arı, sudan duru” deyimindəki arı (təmiz) sözü həmin feildən düzəlib. Bal arısının adı da, ehtimal ki, “təmiz” anlayışı ilə bağlıdır (ərəb dilində əri/arı “bal” deməkdir. Biz bala “arı yağı” demişik. Ola bilsin ki, arı ərəb mənşəlidir və onlarda bal olan, bizdə həşərat adına çevrilib). Ehtimal olunur ki, ar feilindən ikinci feil, yəni ardımaq əmələ gəlib, -c şəkilçisi isə onu ismə çevirib. Ardıc kəlməsi də təmiz məfhumu ilə bağlıdır. Bu ağacın şirəsindən təmizləyici vasitə kimi istifadə olunub. Onun qozalarının tərkibində 2 faizə qədər efir yağı, qlükozidlər, pektinlər var və böyrəklərin xronik iltihabında faydalı dərman hesab olunur, sidikqovucudur, mədə və qaraciyər üçün faydalıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKilim, gəbə və s. toxunanda hündür qalxan iplər əriş, eninə gedən isə arğac adlanır. Mənbələrdə arğa feili var və rus dilinə “ткать, плести поперек” kimi tərcümə olunub. Arğac sözü qədim mənbələrdə arqat, arqut, arquru formalarında qeydə alınıb. Deməli,“toxumaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə ar feili olub və “yorulmaq” mənasında işlədilib (Əbu Həyyanda (1256-1344) armaq feili var və “yorulmaq” mənasını verir. Vurğun qəlibi üzrə ondan arğın sözü yaranıb).Yormaqdan yorğun əmələ gəldiyi kimi, armaqdan da arğın düzəlib. İndi yorğun və arğın sinonim sözlərdir. Belə bir qədim deyim də var: Sevgilim bilmir ki, mən arğınam, yorğunam, ya darğınam?... (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏvvəllər ayrıq kimi olub. Ayırmaq feilindən əmələ gəlib. Arx, “böyük çaydan ayrılmış qol” deməkdir. Arxdan ayrılan daha kiçik qol isə qac adlanır. Belə güman edirəm ki, sonuncu kəlmə (dialektlərdə bu söz qaj kimi də işlədilir) qazmaq feli zəminində yaranıb. Çay və arx öz məcrasını təbii yolla yaradır (su özünə yol açır), qac isə süni yolla (qazmaq vasitəsilə) əmələ gətirilir. Irmaq sözü də arx kəlməsi ilə eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Arxalı köpək qurd basar deyimi” var. Qaynaqlarda arxa sözünün bir mənası “защитник” kimi açıqlanıb. Arxayın kəlməsi də həmin sözdən törəyib. Güman edirəm ki, arxac kəlməsi də yuxarıdakı sözlə kökdaşdır: qoyunu arxacda yatırdılar, çünki “arxac gün düşməyən yer” deməkdir, kölgəlikdir, gündən qorunmaq yeridir. Sözün ən qədim və ilkin mənası isə “dal” deməkdir. Digər mənalar sonradan törəmədir. “Yeddi arxa dönən” deyirik, arxa həm də “nəsil” (поколение) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRadlov bu sözü “ər qardaş” kimi açıqlayıb. Əslində, məna “bir-birinə arxa olan” kimi başa düşülə bilər. Yoldaş, sirdaş tipli sözlərdəki -daş semantik cəhətdən arxadaşdakı -daş-dan fərqlənir. Ola bilsin ki, buradakı daş da birgəlik bildirib, sonradan məna bir qədər dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiPaltar növüdür və arxa (dal) sözündən əmələ gəlib. “Arxaya geyilən” (çiyinə salınan) mənasını verir. Sözün başqa mənasıda var və rus dilindəki “чересседельник” anlamına uyğun gəlir: təkatlı arabada atın sağ və sol tərəfində arabanın iki qolu olur. Bu qolları yuxarıda saxlamaq üçün atın belindən keçən qayışa bərkidirlər. Qayış atın belini yaralamasın deyə altına yəhərəbənzər bir şey qoyurlar, buna “arxalıq” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiArımaq feilindən əmələ gəlib. “Təmiz” mənasında işlədilən arı sözü də buradandır (ad-feil omonimdir). Arıq adamın əti tökülür, bədəni “təmizlənir” (yüngülləşir). Başqa yozuma görə, sözün əsli örümək (ərimək) kimi olub, öt (ört) gəlməsi ilə bağlıdır. Öt isə “od” deməkdir, ütmək feilinin köküdür. “Təmizlənmək” mənasında indi arımaq kəlməsi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti