Reklam
Reklam

Etimologiya lüğəti

yezuit

1517-ci ildə alman rahibi Martin Lüter katolik və protestantların bir-birindən qəti surətdə ayrılmaları ilə nəticələnən münaqişənin təşəbbüskarı qismində çıxış etdi. Sonrakı 25 ildə protestant Reformasiyası elə sürətlə yayılırdı ki, katolik kilsəsinin süqutu labüd görünürdü. Ancaq katolisizm buna tab gətirərək öz islahatçı hərəkatına (Əks­reformasiya) başladı.

Bundan əlavə, katolisizm vaxtilə katolik kilsəsinə mənsub olan və sonradan itirdiyi dindarları geri qaytarmaq üçün cəhdlərə başladı. İspan əsgəri İqnati Loyolanın yaratdığı təşkilat bu cəhdlərin aparıcı qüvvəsinə çevrildi. O, təşkilatının üzvlərini İsanın əsgərləri elan etdi. 1540-cı ildə Loyola papa III Pavelin bu qrupun fəaliyyətini təqdir etməsinə nail oldu. Beləliklə də, İsa ordeni (cəmiyyəti) yarandı.

Düşmənləri İsa ordeninin üzvlərini yezuit adlandırırdılar. İlk vaxtlarda bu söz istehza və təhqir kimi işlənirdi, amma sonradan onu cəmiyyət üzvlərinin özləri də qəbul etdilər. Yezuitlər fitnə-fəsad ustaları idilər. Bu üzdən də düşmənləri onların öz məqsədlərinə çatmaq üçün hər yola əl atdıqlarını iddia edirdilər. Başqa sözlə, onları “məqsəd vasitələri doğruldur” prinsipi ilə hərəkət etməkdə ittiham eləyirdilər. Buna görə də “yezuit” sözü “hiyləgər”, “ikiüzlü”, “fitnəkar” mənasında işlədilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

yumoristik

Qədim Yunanıstanın ən böyük həkimi Hippokrat olub. O, davamçıları ilə sağlamlıq və xəstəliklərin ilk ümumi nəzəriyyəsini işləyib hazırlamışdı.

Onlar bədənin dörd mayedən ibarət olduğunu düşünürdülər: qan, fleqma, sarı öd (səfra) və qara öd. Onların fikrincə, bu dörd maye (latın dilində humors, yəni rütubət) bədəndə bərabər həcmdə mövcud olur.

Bu mayelərdən (humors) hər hansı birinin bədəndə azacıq da olsa artması insan xasiyyətindəki nöqsanları üzə çıxarır. Belə ki, fleqmanın artıq olması insanı fleqmatik, həddən artıq süst və laqeyd edir. Qanın artıq olması isə əks-təsir göstərir və insan sanqvinikə (latın dilində sanquina – qan deməkdir) çevrilir, yəni həddən artıq şən və nikbin olur. Orqanizmdə sarı ödün artıqlıq etməsi nəticəsində (yunanca khole) adam xolerikə, tez hirslənən birisinə, qara ödün (melankhole) çoxluğunda isə melanxolikə, yəni qəmə batmışa dönür.

Bu nəzəriyyənin heç bir elmi əsası olmasa da o, 2 min ildir ki, populyarlığını itirmir. Şekspirin dövründə ətrafdakı hadisələrə reaksiyası əvvəldən təxmin edilən hər bir insan özünəməxsus “yumor”a malik idi. Bu səbəbdən də hər personajının özünəməxsus bir əsas xüsusiyyəti olan pyeslər yazmaq olduqca cəlbedici görünürdü. Belə pyeslər, əsasən, insanları əyləndirmək və güldürmək üçün yazıldığından “yumoristik” sözü “gülməli” sözünün sinoniminə çevrildi və bu günədək bu mənasını qoruyub saxlayır. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti