Reklam
Reklam

Etimologiya lüğəti

vandal

V əsrdə Roma imperiyasının qərb əyalətlərinə soxulan və faktiki olaraq bu imperiyanı süquta yetirən german tayfaları olduqca çoxsaylı idilər. Bu tayfalardan birinin üzvləri özlərini vandallar adlandırırdılar. Həmin sözün mənşəyi bizə məlum deyil. Bu çox qəddar və amansız bir tayfa idi.

406-cı ildə vandallar Reyn çayını keçərək Qalliya ərazisinə daxil olmuş, oradan da 409-cu ildə İspaniyaya soxulmuşdular. Onların Cənubi İspaniyada hökmranlığı iyirmi il sürmüşdü.  479-cu ildə vandallar Karfagen yaxınlığında öz dövlətlərini qururlar.

Bundan sonra vandallar öz donanmalarını yaradaraq Aralıq dənizində bir neçə ada ələ keçirir və 483-cü ildə onların gəmiləri Roma yaxınlığında lövbər salır. Vandallar Romanı ələ keçirir və şəhəri tədricən qarət etməyə başlayırlar. Onlar daşınmaz əmlaka ciddi ziyan vurmurdular. Öldürülən romalıların sayı elə çox də deyildi. Buna baxmayaraq, təbii ki, romalılar dəhşət içində idilər və Romanın qarət olunması tarixçəsi əsrlərdən keçərək bizlərə çatıb.

XVIII əsrin sonlarından etibarən isə Romanın qarət edilməsini kobud və savadsız barbarlar tərəfindən bir mədəniyyətin məhv edilməsinə nümunə kimi göstərməyə başladılar. “Vandal” sözü isə nadanlığı səbəbindən qiymətləndirə bilmədiyi əşyanı məhv edən adama şamil edildi. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

Vaterloo

Napoleon Bonapart 1799-cu ildə ildırım sürəti ilə həyata keçirdiyi çevriliş nəticəsində Fransa hökumətinin başına keçdi və 1804-cü ildə Fransa imperatoru oldu.

Şöhrətpərəstliyi Napoleonu müharibələri davam etdirməyə, yeni-yeni qələbələr qazanmağa vadar edirdi. Nəhayət, o, İngiltərəni çıxmaq şərti ilə bütün Avropanın ağasına çevrildi. Hətta Habsburq sülaləsindən şahzadə xanımla evləndi. 1812-ci ildə Napoleon yarım milyonluq ordu ilə Rusiyaya yürüşə başladı. Elə həmin il ordusu ilə Moskvaya çatdı. Onun əsgərləri eyni zamanda həm Moskvada, həm də İspaniyada idilər. Tarixdə hələ Fransa dünyaya bu cür ağalıq etməmişdi.

Ancaq Rusiya ona təslim olmadı. Napoleon geri çəkilməli oldu və bütün ordusunu itirdi. Bundan sonra da bir sıra məğlubiyyətlərə uğrayaraq taxt­tacdan əl çəkməli oldu və Korsikanın şimal-şərqindəki balaca Elba adasına sürgün edildi.

1815-ci ildə Napoleon Elbadan qaçaraq Fransaya qayıtdı və yenidən ordunun başına keçdi. Nəhayət, 1815-ci il iyunun 15-də o, Vaterloo (Belçika) ətrafında məğlub oldu. Onu Vellinqtonun komandanlığı altında müttəfiq İngiltərə və Prussiya orduları məğlub etdi. Bu, Napoleonun sonu idi. O vaxtdan “öz Vaterloonla üzbəüz gəlmək” ifadəsi uzun zaman qazanılan zəfərlərdən sonra məğlubiyyətə uğramaq anlamında işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

veto

Roma rəvayətinə əsasən, e.ə .494-cü ildə balaca Roma şəhərciyi ciddi daxili problemlərlə üzləşibmiş. Bir neçə nüfuzlu ailə (patrisilər) siyasi hakimiyyəti inhisarlaşdıraraq şəhəri öz mənafeləri naminə idarə edirdi. Yerdə qalan əhali (plebeylər) maraqlarının qətiyyən nəzərə alınmadığını hiss edir və buna görə də Romadan ayrılmaq qərarına gəlir. Onlar Romanı tərk edir və beş km. aralıqda yeni şəhər salırlar.

Bu, Romanın sonu demək idi, ona görə də patrisilər plebeyləri qaytarmaq məqsədilə onlarla tez-tələsik danışıqlara başlayırlar.

Plebeylərin səs verərək öz məmurlarını seçmə hüquqlarının tanınması barədə razılıq əldə olunur. Bu məmurların əsas vəzifəsi plebeylərin maraqlarını qorumaq və onların mənafelərinə toxuna biləcək hər hansı hərəkətin qarşısını almaq idi. Onlar tribun adlanırdılar.

Əgər hər hansı bir tribun Senatda müzakirəyə çıxarılan qanunun xalqın həyatını çətinləşdirə biləcəyindən narahat olardısa, onda durub bu sözləri deyə bilərdi: “Mən bunu qadağan edirəm!” Bununla da qanun qəbul edilmirdi.

Təbii ki, tribun bunu latın dilində deyirdi, bu dildə isə “Mən bunu qadağan edirəm” “veto” kimi səslənirdi.

Bu söz indi də bir insan qətiyyətlə və öz səlahiyyətləri çərçivəsində, kollegial bir orqanın qəbul etdiyi qərarı ləğv edərkən işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti