Reklam
Reklam

Etimologiya lüğəti

tiran

Yunanıstan tarixinin ilk çağlarında onun şəhərləri çarlar tərəfindən idarə olunurdu. Həmin çarlar eyni zamanda din xadimi vəzifəsini də yerinə yetirirdilər. Hər yeni çar taxt-tac ilə birlikdə ölkənin baş kahini xüsusi aurasına da varis olurdu. Sonralar şəhərlər tədricən öz çarlarını qovmuş və nüfuzlu şəhər sakinlərindən ibarət qruplar tərəfindən idarə olunmuşdur. Amma vaxtaşırı hamını sıxışdıraraq çarın hüquq və səlahiyyətlərini öz üzərinə götürən güclü lider peyda olurdu. Əslində isə o, ilahi aurası olmadığı üçün həqiqi çar deyildi. Yunanların gözündə bu adam başqasının səlahiyyətlərini mənimsəmiş bir fırıldaqçı idi. O, tiran (ağa) idi, amma kahin-çar (bazilevs) deyildi.

E.ə. 560-cı ildə Pisistrat Afinanın tiranı olur və uzun müddət şəhəri çox gözəl idarə edir. Onun dövründə şəhər sürətlə çiçəklənir, iqtisadiyyat və mədəniyyət yüksəlir. Afina öz gələcək şöhrətinə görə ona borcludur.

Ancaq e.ə. 524-cü ildə Pisistrat ölür, vəzifəsi oğulları Hippi və Hipparxa keçir. E.ə. 514-cü ildə Hipparx bir tanışı ilə mübahisə edərkən öldürüldükdən sonra Hippi qaradinməz, sərt və qəddar birisinə çevrilir. E.ə. 510-cu ildə afinalılar üsyan qaldırır və onu qovurlar.

Sonralar afinalılar Hippini lənətlərlə yada saldıqlarından “tiran” sözü qəddar və ədalətsiz hökmdar mənasını verməyə başladı. Bu söz indinin özündə də, hətta söhbət qanuni monarxdan düşsə belə, həmin mənada işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

Tom dayı

Bəşər tarixində yazılan ən əhəmiyyətli kitablardan biri Harriyet Biçer-Stounun “Tom dayının daxması”dır. Əsər 1852-ci ildə dərc olunmuşdu. Bu o vaxt idi ki, ABŞ-ın Şimal və Cənub ştatları arasında quldarlıq məsələsinə görə ciddi qarşıdurma yaranmışdı.

Bu əsəri yazmaqda xanım Stounun məqsədi quldarlığın çirkin mahiyyətini bütün çılpaqlığı ilə göstərmək idi. Eyni zamanda o, qərəzsizliyini qoruyub saxlamağa çalışmışdı; məsələn, kitabda öz qullarına yaxşı münasibət bəsləyən cənubluların obrazları yaradılmış, eyni zamanda əsərin ən əclaf qəhrəmanı kimi şimallı Simon Leqre göstərilmişdir. Əsər olduqca inandırıcı alınmışdı. Bu əsəri oxuyan milyonlarla insan quldarlığa qarşı kəskin mövqe tutdu. Ancaq zəncilər özləri bu kitabı o qədər də bəyənmədilər. Ağların fikrincə isə zəncilərin, ələlxüsus da Tom dayının xarakterləri ideallaşdırılmışdı. O hətta onu qamçı ilə döyən Simon Leqrenin belə ruhuna dua edir.

XX əsrin ortalarında, Amerika zənciləri sakitcə, səbirlə, mömincəsinə gözlədikləri müddətcə ağların könüllü olaraq onların hüquqlarını tanımayacaqları qənaətinə gələndə isə Tom dayının davranışını şərəfsiz və iyrənc hesab etməyə başladılar.

Bugünkü zəncilər üçün Tom dayı olmaq azad insan hüquqlarına layiq olmayan, itaətkar qul olmaq deməkdir. Bu ləqəb həqarət və təhqir mənasını daşıyır. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

tragediya

İlk ev heyvanları arasında cinsi fəallıqları ilə seçilən keçilər də var idi. Keçilərin məhz bu cəhəti insanların daha çox xoşuna gəlirdi, çünki ancaq bu yolla onlar sürülərinin sayını artıra bilərdilər.

Bu səbəbdən də qədim yunanlar bolluq, bərəkət allahlarını qəribə məxluqlar – yarı keçi, yarı adam sifətində təsəvvür edirdilər. Onlar bədən, baş və əlləri adama, beldən aşağısı isə keçiyə bənzər satirlər idi. Bu satirlər tütək çalır, ot gövşəyir və hər an cütləşməyə hazır idilər.

Bu bolluq və bərəkət ruhlarının şərəfinə keçirilən bayramlar olduqca səsli-küylü, şən olurdu. Yunanlar keçi dərisi geyinib özlərini satirlərə bənzədərək yürüşlər təşkil edir, bu zaman ədəbsiz mahnılar oxuyurdular. Bu mahnılar “tragoida” (keçinin şərəfinə mahnı) adlanırdı.

Zaman keçdi və e.ə. XV əsrdə afinalı şairlər həmin şənliklərə əsaslanaraq daha ciddi əsərlər yaratmağa başladılar. Onların şeirləri get-gedə daha da dolğunlaşaraq insan və cəmiyyətin təbiəti haqda ciddi düşüncələrə çevrildi. Lakin bu dramlar ilk adlarını qoruyub saxladı. Beləliklə, “keçilərin nəğmələri” (“tragoida”) tragediyaya çevrildi və bu ad ciddi problemlərdən söz açan dram əsərlərinə də keçdi. Bu dramlar, əsasən, kədərli şəkildə, xeyirxah və alicənab qəhrəmanların ölümü ilə, tamaşaçıları göz yaşları içində buraxaraq bitdiyindən “tragediya” sözü kədərli, qəmgin, faciəli mənasını verməyə başladı. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti