Müasir Polşa və Belarusun ərazilərində qədim zamanlarda bir çox indiki Avropa dillərinin kökündə dayanan bir dilin xüsusi dialektində danışan xalq yaşayırdı. Bu dialektdə həmin xalqın nümayəndələri özlərini “slovo” (söz) adlandırırdılar, yəni onlar “söz ifadə edən” insanlar idi.
Orta əsrlərdə mövcud olan latın dilində “slovo” “slavus”a çevrildi. Yuxarıda söz edilən xalqın və ondan sonra gələn nəvə-nəticələrinin danışdıqları dillər qrupu slavyan dilləri adlandırılmağa başlandı. Bu dillərin ən mühümü rus dilidir.
Slavyanlar əsrlər boyu Avropa və Asiya tərəfdən gələn hücumlara məruz qalmışdılar. Keltlər, qotlar və hunlar növbə ilə onların torpaqlarını işğal etmişdilər.
Öz növbəsində, bir sıra slavyan tayfaları döyüşkən millətə çevrilirdi. Onlardan bəziləri Balkanlara, bəziləri şərqə doğru irəlilədi. Yollarını qərbə doğru salanlar isə orada german tayfaları ilə toqquşdular.
Onlar təşkilatlanma səviyyəsinə görə slavyanlardan daha yüksəkdə dayanırdılar. Bir neçə əsr ərzində onlar dayanmadan şərqə doğru irəliləyir, bu zaman slavyanları öldürür və köləyə çevirirdilər. İngilis dilindəki “slave” (qul) sözü, ola bilər, “slav”ın (slavyan) təhrif olunmuş formasıdır. Hər halda, o dövrlərdə yaşayan germanlar üçün “slavyan” və “qul” sözləri sinonim idi. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiQədim Yunanıstanda vətəndaşlar arasında münaqişə yarananda işə andlılar məhkəməsində baxılırdı. Münsifləri hər hansı bir tərəfə çəkmək üçün natiqlik istedadı tələb olunurdu. Belə istedada malik müdafiəçinin təqsirkarı zərərçəkəndən daha üstün təqdim edə bilməsi halları tez-tez baş verirdi.
Bu səbəbdən də ritorika, yəni bəlağətli danışıq müəllimlərinə ehtiyac yaranmışdı. Sokratın dövründə Protaqor adlı məşhur ritorika müəllimi yaşayırdı. O özünü sofist, yəni müdrik insan adlandırır, tələbələrinə bütün bildiklərini, bacardıqlarını və onların nə bilmək istədiklərini öyrətməyi təklif edirdi. Protaqor və onun davamçılarını indi də sofist adlandırırlar.
Sokratın şagirdi Platon sofistlərə sərt müxalif mövqedə dayanırdı. Öz “Dialoqlar”ında Sokratın Protaqor, həmçinin Gorgi ilə mübahisələrini və bu mübahisələrdən qalib çıxdığını təsvir etmişdi. Platon sofistləri öz şagirdlərini bilərəkdən saxta iddialar və yanlış məntiqdən istifadə edərək ağı qara göstərməyi öyrədənlər kimi təsvir edirdi.
O vaxtdan “sofistika” və “sofizm” terminlərindən ilk baxışdan həqiqət kimi görünən, amma həqiqətlə əlaqəsi olmayan hər hansı bir arqumenti ifadə etmək üçün istifadə olunur. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiAfinalı filosof Sokrat heç bir zaman fikirlərini qələmə almadığından onun haqqında bildiklərimizi tələbələrinin yazdıqlarından əldə edirik. Bu tələbələrin ən görkəmlisi Platon olub. E.ə. təxminən 370-ci ildə Platon Sokratın nəzəriyyəsini anladan bir neçə oçerk yazıb.
Platonun dediyinə görə, Sokratın həqiqətə çatmaq yolu belə olub: o, dinləyicilərindən hər hansı bir anlayışa tərif vermələrini xahiş edirmiş. Hamını dinlədikdən sonra yenidən suallar verməyə başlayırmış. Beləliklə, sual-cavab yolu ilə (“Sokrat üsulu”) müzakirə predmetinə aydınlıq gətirilirmiş.
Sokrat tez-tez sevdiyi daha bir üsula əl atırmış. O özünü bilməzliyə vurur və həmsöhbətindən nəyisə anlatmağı xahiş edirmiş. Həmin o şəxs də böyük həvəslə düşüncələrini bölüşürmüş. Sokrat isə guya deyilənləri tam başa düşmədiyi üçün həmsöhbətinə elə hey yeni-yeni suallar verirmiş. Sonda o adam çaşbaş qalaraq əvvəllər onun üçün tam aydın olan bir məsələni indi anlamadığını dərk etməyə başlayırmış.
İndi işin mahiyyətini anlamaq üçün özünü bilərəkdən avamlığa vurmaq Sokrat istehzası adlanır. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiE.ə. VII əsrin sonlarında Afina tənəzzül və iqtisadi böhran dövrünü yaşayırdı. Ticarətin rolu getdikcə artır, kənd təsərrüfatı isə mövqelərini itirirdi. Tacirlər varlanır, kəndlilər müflisləşərək borca girirdilər. Qanunlara görə isə onlara heç nə ilə kömək etmək mümkün deyildi. Üstəlik borclarını qaytara bilməyənləri hətta qula çevirə bilərdilər.
Kəndlilərin narazılığı artır, onlar qiyam qaldırmağa başlayırdılar. Bu vəziyyət hakimiyyətdəkiləri narahat etməyə bilməzdi və onlar güzəştə getmək kimi müdrik bir addım atdılar.
E.ə. 594-cü ildə yüksək zümrənin Solon adlı ağıllı və uzaqgörən nümayəndəsi Afinaya başçılıq etməyə başlayır. O, ilk növbədə bütün borcları bağışlayır və bununla da insanlara hər şeyi sıfırdan başlamaq üçün imkan yaradır. Bundan başqa, Solon insanların qula çevrilməsinə qadağa qoyur və bütün qulları azad edir. Afinadan kənara qul kimi satılanlar isə dövlət hesabına geri qaytarılırlar.
Afina sakinləri əksəriyyət etibarilə Solonun etdiklərini ruh yüksəkliyi ilə qarşılasalar da, bəzi mühafizəkarlar bunun əleyhinə çıxdılar. Amma nəticədə Solonun ideyaları üstün gəldi. Onun sayəsində Afina demokratiya yoluna qədəm qoydu. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiAralarında münaqişə olan insanlar bir-birinə ziyan vurmaq istəyirlər. Həmin adamlar bu ziyanı açıq dava-dalaş zamanı və ya bir-birinin üzünə gülərək əlaltından vura bilərlər. Ehtirasların qızışdığı zaman törədilən əməlləri biz, adətən, coşqunluqla, qanın qaynaması ilə izah edirik. Eyni səmərəni verən hərəkətlər ayıq başla və ağılla edilirsə, buna soyuqqanlılıq deyirik.
Eyni sözləri qızışaraq bir-biri ilə ölüm-dirim savaşına başlayan dövlətlərə də aid edərək isti müharibədən, dövlətlər bir-biri ilə açıq müharibə aparmadıqları, ancaq ziyan vurmaq üçün əllərindən gələni etdikləri zaman isə soyuq müharibədən danışa bilərik.
Lakin II Dünya müharibəsindən sonra vəziyyət tamamilə başqa idi. ABŞ ilə SSRİ-nin bir-birinə düşmən olduqları şübhə doğurmurdu, amma nüvə silahının yaradılması irimiqyaslı isti müharibəni qeyri-mümkün etdi. Beləliklə də, soyuq müharibə başlandı. Heç kim əsl müharibəyə başlamağa risk etmədi. 1947-ci ildə Uolter Lipman Amerika–SSRİ qarşıdurmasından bəhs edən “Soyuq müharibə” kitabını dərc etdirdi. Beləliklə də, “soyuq müharibə” ifadəsi məşhurlaşdı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiYunanlar öz idman yarışları ilə tanınırdılar. Bunlardan ən görkəmlisi isə dörd ildən bir keçirilən Olimpiya oyunları idi. Bu oyunlara o dərəcədə ciddi yanaşılırdı ki, onların keçirildiyi ərazilər müqəddəs sayılır və hətta bir-biri ilə müharibə edən şəhərlərin təmsilçiləri belə orada görüşə bilirdilər.
İdman yarışlarının tam ədalətli olması üçün müəyyən standartlar təyin etmək və oyunları onlara uyğun keçirmək lazım idi; məsələn, qaçış yarışları üçün məsafənin uzunluğu müəyyən edilməli idi. Yunan sözü “stadios” təsbit edilmiş, müəyyən olunmuş mənasını verirdi. Buna görə də müəyyən edilmiş məsafəni stadion adlandırırdılar.
Olimpiya oyunlarında qaçış üçün nəzərdə tutulan məsafə bir stadiona (yəni 190 metrə) bərabər idi. Bu, ənənəvi Olimpiya məsafəsi sayılırdı. Beləliklə, məsafənin uzunluğu qaçış növünün adına çevrildi. Tədricən bu ad qaçış üzrə yarışların keçirildiyi yerə şamil edilməyə başlandı. Bu gün stadion idman tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan tikililər kompleksidir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiE.ə. təxminən 300-cü ildə Kiprdən Afinaya cavan bir oğlan gəlir. Məlum olduğu kimi, o dövrlər Afina fəlsəfi düşüncələrin mərkəzi idi. Cavan oğlanın adı Zenon idi və o, məşhur filosof Kratetdən dərs alırdı. Kratet siniklər məktəbinə mənsub olaraq ləyaqət və təmizlik dərsi deyirdi. Bu nəzəriyyə Zenonda böyük təəssürat oyatsa da, o, siniklərin öz fikirlərində hədləri aşdıqlarını düşünürdü.
Zenon və onun davamçıları hesab edirdilər ki, əsl mənada azad və ləyaqətli olmaq üçün ehtiraslara uymamaq və hisləri cilovlamaq lazımdır. Maddi rifaha önəm verməsən, onun itirilməsindən də acı çəkməzsən. Sevgidən də, nifrətdən də uzaq dursan, xoş və bəd xəbərləri sakitcə, eyni laqeydliklə qəbul edərsən.
Zenon mühazirələrlə açıq məkanlarda və ya divarları Troya müharibəsini əks etdirən səhnələrlə bəzədilmiş evin qabağında pilləli, üstüörtülü tikililərdə – artırmalarda çıxış edirdi. Bu yer “stoa paikile”, yəni boyanmış artırma adlanırdı. Məhz buna görə də onun fəlsəfəsini “stoisizm”, özünü isə Zenon-Stoik adlandırmağa başladılar.
Biz indiyədək hətta ağrılar və təhlükələr qarşısında belə soyuqqanlılığını itirməyən, hər şeyə sakit nəzərlərlə baxan adama stoik deyirik. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti