Püxtə farsca “bişirən” anlamını verən pəz (müqayisə et: aşpaz –aşbişirən) sözü ilə bağlıdır, məsdər forması poxtən sözüdür. Bişmək isə həm də “yetişmək”, “formalaşmaq” anlamını əks etdirir (filankəs bişmiş siyasətçidir...). Deməli, püxtələşmiş adam elə “bişmiş adam” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRoma yeddi təpənin üzərində salınıb: Palatin, Kapitoli, Aventin, Çelio, Eskvilin, Viminal və Kvirinal. Rəvayətə görə, Romul Romanın bünövrəsini e.ə. 753-cü ildə Palatin təpəsində qoyub.
Şəhər böyüyərək ərazisi digər təpələrə yayılır və tədricən yaxın bölgələrə, sonra bütün İtaliyaya, daha sonra isə Aralıq dənizi sahilindəki bütün torpaqlara nəzarət etməyə başlayır. Roma dünyanın ən iri şəhərinə çevriləndə onun mərkəzi halına gəlmiş Palatin əsas yaşayış kvartalı oldu. Bütün əsas meydan və teatrlar, eləcə də forum bura yaxın idi.
E.ə. 31-ci ildə Yuli Sezarın bacısı nəvəsi Oktavian Sezar bütün Romanın mütləq hakiminə çevrildi. O, idarəçilik sistemini yenidən qurdu və bunun nəticəsində ona qədər heç bir romalının tutmadığı mövqeyə sahib oldu. Bu səbəbdən də Oktavian Palatində yer seçərək burada özünə cəmiyyətdə tutduğu yeni mövqeyinə uyğun təzə, təmtəraqlı bir ev tikdirdi.
Ondan sonra gələn imperatorların da, demək olar, hamısı belə etdilər Bu cür tikililər palatium, yəni Palatində tikilmiş adlandırıldı. Bir qədər sonra isə, istənilən hökmdarın iqamətgahına palatium deməyə başladılar. Fransız dilində bu söz “palais”ə, ingilis dilində isə “palace”yə (saray), bəzi dillərdə isə palataya çevrildi. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiİbtidai insanlar ağac qabığından üzərində yazı yazmaq üçün istifadə edirdilər. Bu qabıq parçaları elə də böyük deyildi, amma onları ard-arda yapışdıranda istənilən ölçüdə uzun zolaq əmələ gəlirdi. Hər bir parçanın üzərində yazdıqdan sonra onu bürmələmək olardı. Belə bir bürməni (cildi) kitab da adlandırırdılar. Bu cür bürmələnmiş kitabı açıb sonradan yenidən dolamaq çox yorucu idi.
Xristianlığın ilk çağlarında kimsə kitab səhifələrinin vərəqlənməsinin asan yolunu tapdı. Səhifələri ard-arda yapışdırmaq əvəzinə, onları üst-üstə yığıb bu halda bir-birinə yapışdırmağa və ya tikməyə başladılar.
Təxminən XII əsrdə olduqca kiçik bir şeir balaca kitab şəklində işıq üzü gördü. Onun adı “Pamfilus”, yəni “hamı tərəfindən sevilən” idi. Pamfilus poemanın qəhrəmanı olan qadının adı idi.
Bu kitab kiçikhəcmliliyi, oxunaqlılığı və məzmununa görə, həqiqətən, əldən-ələ gəzən və çox satılan bir bestsellerə çevrildi.
Kitab elə şöhrət qazandı ki, o vaxtdan üz qabığı, adətən, kağızdan olan və cəmi bir neçə səhifədən ibarət istənilən kiçik kitabçanı pamfilius adlandırmağa başladılar. Fransızlar kitabın kiçikliyinə eyham vuraraq bu sözə “et” kiçiltmə şəkilçisini əlavə etdilər və beləliklə, “pamflet” (həcv) sözü yaranmış oldu. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti
XVI əsrdə İtaliyada müxtəlif şəhərləri dolanaraq tamaşalar göstərən səyyar aktyor truppaları yarandı. Bu tamaşaları daha da maraqlı edən üzlərində maska, əyinlərində kostyum olan daimi personajlar idi. Nadir hallarda teatra gedən “təcrübəsiz” tamaşaçılar bu personajları tanıdıqları, onlara yaxşı bələd olduqları üçün özlərini daha sakit və rahat hiss edirdilər.
Belə maska komediyalarının ən sevimli qəhrəmanlarından biri Pantalone (mənası: şirə bənzəyən) idi. Belə adın daşıyıcısının, əslində, hamının barmağına doladığı qorxağın biri olması çox gülməli idi. 1600-cü il ərəfəsində personaj elə məşhurlaşmışdı ki, Şekspir özünün “Necə istəsəniz” komediyasında bununla nə demək istədiyini auditoriyanın anlayacağına tam əminliklə “arıq, nimdaş pantalon”dan söz açır.
Pantalonenin əynində həmişə torba kimi şalvar olurdu. Bu onu başqalarından fərqləndirən xüsusiyyət idi. Torbayabənzər belə şalvarlara tezliklə pantalon deyilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiNil çayının sahillərində yaşayan misirlilər şumerlərdən yazı yazmağın əsas prinsiplərini öyrənmişdilər. Ancaq onlar simvolları şumerlər kimi gilin üzərinə çəkmirdilər. Çayın sahillərində müxtəlif məqsədlər üçün istifadə oluna bilən qamış bitirdi. Bu qamışdan səndəl düzəltmək, hətta gəmi qayırmaq olurdu. Saplağından isə yemək bişirilirdi. Bundan əlavə, misirlilər kəşf etmişdilər ki, bu qamışın saplaqlarını uzun zolaqlar şəklində kəsib sıra ilə yanyana düzməklə, üstünə eyni saplaqlardan eninə yığaraq əvvəlcə suda islatmaq, sonra günəşin altında qurutmaqla üzərinə rənglə istənilən simvolu asanlıqla çəkmək mümkün olan açıqrəngli, elastik səth əldə etmək olar. Misirlilərin bu qamışı adlandırdıqları söz yunanların qulağında papiros, romalılarınkında isə papirus kimi səslənirdi. Papirus qədim dünyada üzərində yazı yazmaq üçün ən geniş yayılmış materiala çevrildi.
Təxminən 105-ci ildə Çində yaşayan Tzay Lun adlı bir saray əhli köhnə kisə, saman və s.-ni emal edərək papirusa bənzər yumşaq material əldə eləməyə imkan verən üsul icad etdi. Tədricən bu üsulun bütün dünyaya yayılmasına baxmayaraq, əldə olunan material papirusu xatırladırdı. Fransız dilində bu söz “papier”, ingilis dilində isə “paper” (kağız) oldu. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti1796-cı ildə Napoleon tarix səhnəsində peyda olaraq ilk qələbələrini qazanmağa başlayan zaman Avropa artıq yüz il idi ki, nisbətən kiçik, amma peşəkar ordularla müharibə aparırdı. Mülki əhali isə hərbi əməliyyatlardan, demək olar ki, əziyyət çəkmirdi.
Fransa inqilabı buna son qoydu. Napoleon özünün sürətlə irəliləyən ordusunu ərzaqla təmin etməkdə çətinlik çəkirdi. Arabalarla daşınan azuqə əsgərlərin tələbatını ödəmirdi. Bu səbəbdən də onlar tutduqları torpağın verdiyi nemətlərlə dolanırdılar. Lakin bu həmin torpaqda yaşayan insanların xoşuna gəlmirdi. 1808-ci ildə Napoleonun ordusu İspaniyaya soxulanda ispanlar heç kimin gözləmədiyini etdilər – əllərinə silah aldılar. Napoleon nizami orduya qalib gələ bilərdi və bunu etmişdi də, amma sadə kəndli-ispanlar mığmığa kimi çox idilər. Fransızlar onları qovur, dəf edirdilər, ispanlar isə elə hey qayıdır, düşmənlərini təqib edir, onları “sancırdılar”. Nəhayət, fransızlar ölkədən çıxarıldılar.
Kəndlilərin bu müharibəsini ispanlar özləri “kiçik müharibə” (guerilla) adlandırırdılar. Başqa ölkələrdə isə bu döyüşlərə ancaq böyük müharibələr apara bilən orduya qarşı kiçik dəstələr – “partiyalarla” (partizan) aparılan müharibə deyirdilər. O vaxtdan peşəkar orduya qarşı kiçik dəstələrlə, plansız şəkildə döyüşən qeyri-mütəşəkkil orduları da partizan dəstələri adlandırırlar. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiİsgəndəriyyə şəhərinin vaxtilə dünyanın mədəniyyət mərkəzinə çevrilməsinin əsas səbəblərindən biri onun olduqca əlverişli coğrafi mövqeyi, əsas papirus mənbəyinin yanında yerləşməsi idi. Bu isə şəhərdə həmin çox qiymətli materialdan hazırlanmış kifayət qədər vərəqin olmasına yol açırdı. İsgəndəriyyə kitabxanasının yaranmasının əsas səbəbi də məhz bu idi.
Amma belə vəziyyət digər bölgələrin bu məsələdə Misirlə rəqabət aparmağına mane olmurdu. Belə rəqiblərdən biri Kiçik Asiyanın qərbində e.ə 250-ci ildə yaranmış və paytaxtı Perqam olan müstəqil dövlət idi.
Perqamda çox gözəl bir kitabxana yaradılmışdı. Yazı üçün yaxşı aşılanmış heyvan dərilərindən də istifadə etmək olardı, amma bu çox baha başa gəlirdi. Şəhərdə dərinin hər iki üzündən istifadə etməyə imkan verən yeni aşılama üsulu tapıldı. Bu üsulla emal edilmiş dərinin qiyməti əvvəlkindən iki dəfə ucuz olduğundan Perqam kitabxanası böyüklüyünə görə İsgəndəriyyə kitabxanasından sonra ikinci oldu.
Yunanlar bu yolla aşılanmış dəriləri ondan ən fəal surətdə istifadə edilən şəhərin adı ilə – perqamene adlandırdılar. Latın dilində bu söz “perqamentus” kimi səslənirdi.
Tədricən bu söz perqamentə çevrildi. Bu gün də söhbət xüsusi kağız növündən düşəndə məhz bu söz işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiQədim misirlilər, nə qədər qəribə də olsa, həyatlarının, mövcudluqlarının əsası kimi ölümü seçmişdilər. Dünyasını dəyişmiş insanın bədəni çürüməkdən mümkün qədər qorunmalı idi. Bu, rəhmətə gedənin ölülər dünyasına daxil ola bilməsi üçün edilirdi. Bu məqsədlə cəsədi əsaslı tikilmiş sərdabəyə yerləşdirirdilər. Söhbət padşahdan gedirdisə, bu daha da vacib şərtə çevrilirdi.
E.ə. təxminən 2600-cü ildən sonra bunlar kvadrat bünövrəsi olan, yuxarı ucaldıqca isə darlaşan zirvəyə malik nəhəng tikililər formasını aldı. Belə tikililərin ən böyüyü firon Xufunun (Xeops) zamanında ucaldıldı. Tikili hər birinin çəkisi 2,5 ton olan 2 300 000 qranit parçasından ibarətdir. Kvadrat bünövrənin sahəsi 53 000 м² (hər tərəfi 230,4 metrə bərabərdir), tikilinin hündürlüyü isə 146,5 metrdir.
Bu tikililəri görən ilk yunan turistlər onlara heyran olmuşdular. Yunanlar onlara piramida adı verdilər. Ola bilsin, bu sözün mənşəyi misirlilərin “pimir” (tikili) sözündən gəlir. Bu ad yunan sözü olan “pyr” (alov) ilə də əlaqəli ola bilər, çünki bu nəhəng tikililər alov kimi yuxarı qalxırdı.
Hər halda, riyaziyyatçılar “piramida” sözündən geniş oturacağı olan və qüllə kimi daralaraq yuxarı ucalan istənilən bərk strukturu ifadə etmək üçün istifadə edirlər. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti
Yunan filosofu Platon müəllimi Sokratın fikir və baxışları əks olunan bir sıra kitabın müəllifidir. Bunların bir çoxu Sokratın kiminləsə dialoqu şəklində yazılıb. Ancaq belə dialoqlardan birində e.ə. 416-cı ildə şair Aqafonun evində həqiqətən də baş vermiş söhbət təsvir edilir. Qonaqlardan biri “sevginin təbiəti” mövzusuna toxunur.
Sokrat hesab edirdi ki, sevgi insanın xeyirxahlıq, gözəllik axtararaq ona çatmaq istəyəndə keçirdiyi hisdir. Bunu da zahirən gözəl olan kişi və qadında tapmaq olardı. Belə cismani məhəbbəti insanlar “sevgi” kimi başa düşür və onunla kifayətlənirdilər.
Ancaq cismani gözəllik vaxt keçdikcə əriyib gedir. Sokratın fikrincə, gözəlliyin ali və dəyişməz forması ruhun və niyyətin gözəlliyidir. İdeal isə zahiri və daxili gözəlliyin vəhdəti ola bilər. Buna görə də sevginin ən ali forması İlahi mərhəmətlə birləşməyə can atmaq sayılır.
Bu gün əgər kişi ilə qadın bir-birini heç bir cismani istəkləri olmadan, yüksək mənəvi və əqli keyfiyyətlərinə görə sevirlərsə, onların arasında platonik sevgi olduğunu deyirlər. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti