Hindistana getdiyini zənn edən Kolumb qərb istiqamətinə üz tutanda ilk növbədə orada var-dövlət qazanacağına ümid bəsləyirdi. Ondan sonrakı dövrlərin bir çox tədqiqatçıları da buna ümid edirdilər. Onlardan bəziləri hətta istəklərinə çatdılar.
Bundan sonra avropalı səyyahlar bitməz-tükənməz sərvətlər haqda danışılan hər nağılı ciddi qəbul edirdilər; məsələn, müasir Kolumbiya ərazisində yaşayan bir hindu qəbiləsinin başçısı haqda əfsanə dildən-dilə gəzirdi. Onun bayramlarda bədəninə müxtəlif yağlar sürtdüyü, sonra vücudunu qızılla bəzədiyi deyilirdi. Bayram qurtardıqda isə gölə girərək bədənindəkiləri yuması və digər qiymətli əşyaların da həmin gölə atıldığı söylənilirdi. Bu qəbilə başçısının adı El Dorado (qızılla örtülü) imiş.
Tədricən bu rəvayət şəklini dəyişdi və Eldorado (yaxud El Dorado) deyəndə artıq təkcə adam yox, həm də yer nəzərdə tutulurdu. Guya ucu-bucağı görünməyən qızıl və daş-qaşla zəngin xəyali bir ölkəni Eldorado adlandırmağa başladılar. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiArximed, ola bilsin, qədim dövrün ən dahi alimi olub. O, e.ə. III əsrdə Sirakuzada yaşayıb və deyilənə görə, çar Hierona qohumluğu çatıb.
Zərgərin qızılı oğurlayıb əvəzində düzəltdiyi əşyalarda gümüş və misdən istifadə etdiyindən şübhələnən Hieron Arximeddən bunun, həqiqətən də, belə olub-olmadığına aydınlıq gətirməsini xahiş edir.
Gümüş və mis sıxlığına görə qızıldan yüngüldür. Onları, həqiqətən də, qızıla qatsalar, eyni çəkidə olan təmiz qızıldan daha çox yer tutmalı idi. Əgər Arximed tacın həcmini bilsəydi, dərhal onun lazımi ölçüdən böyük olub-olmadığını söyləyərdi. Ancaq tacı əridərək yekcins kütləyə çevirmədən onun həcmini necə öyrənə bilərdi?
Elə bu fikirlərlə də Arximed şəhər hamamına yollanır, su ilə dolu vannaya uzanır və suyun vannanın qırağından daşmasını müşahidə edir. Vannadan sıxışdırılıb çıxardılan suyun həcmi vannaya salınmış cismin həcminə bərabər olmalıdır. Hər hansı bir cismin həcmini öyrənmək üçün, sadəcə, onun sıxışdırıb çıxartdığı suyun həcmini ölçmək kifayətdir.
Arximed vannadan çıxaraq elə çılpaq vəziyyətdə küçə ilə qaçmağa başlayır. Qaça-qaça elə hey bircə söz – “Evrika! Evrika!” (“Tapdım!”) deyə qışqırır. O lazım olan hər şeyi ölçüb-biçdikdən sonra zərgərin, həqiqətən də, dələduzluq etdiyi ortaya çıxır.
O vaxtdan “Evrika!” qəflətən ağlına gələn bir fikirlə nəyisə kəşf edən insanın sevinc hayqırtısına çevrildi. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti