Reklam
Reklam

Etimologiya lüğəti

Damokl qılıncı

E.ə. 405-ci ildə Dionisi adlı sərkərdə yunanların Siciliyada ən vacib şəhəri olan Sirakuzanın hökmdarı oldu. O, qırx ilə yaxın hakimiyyətdə qaldı və ölümünü öz çarpayısında qarşıladı.

Amma uzun müddət hakimiyyətdə qalmaq üçün o, hiylə, fitnə-fəsaddan istifadə edir, genişşaxəli casus şəbəkəsi yaradaraq bir anlığa belə ehtiyatı əldən vermirdi. Göründüyü kimi, var-dövlət və əlindəki hakimiyyətə baxmayaraq, onun yaşadığı həyatı xoşbəxt adlandırmaq olmazdı.

Bir dəfə saray əyanlarından olan Damokl onun şan-şöhrətinə həsəd aparanda Dionisi Damokla, heç olmasa, bir günlüyünə onu əvəz eləməyi təklif edir. Damokl razılaşır və axşam ziyafətində masanın başında əyləşir.

Ancaq o, dərhal başı üzərində nəyinsə hamının diqqətini cəlb elədiyini hiss edir. O, yuxarı baxır və başı üzərində sıyrılmış qılınc görür. Qılınc bircə tük ilə tavana bərkidilmişdi. Damokla yerindən qalxmağa icazə verilmədiyindən o, bütün axşamı boğazından bir tikə keçmədən, beləcə oturur. Həmin gecə onun üçün həyatının ən əzablı sınağı olur.

Dionisi hər bir zalım hökmdarın həyatının əbədi qorxu və qeyri-müəyyənlik içində, böhran anının nə vaxt gələcəyini gözləməklə keçdiyini vurğulayır. Buna görə də insanı gözləyən təhlükədən danışarkən onun başına nələrin və nə vaxt gələcəyi haqda bir söz demək mümkün olmayanda “Damokl qılıncı” ifadəsi işlədilir. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

dəmir pərdə

1945-ci ildə nasist Almaniyası son günlərini yaşayırdı. Almaniyanın təbliğat naziri Yozef Göbbels məğlubiyyətin qaçılmaz olduğunu gözəl başa düşürdü. O anlayırdı ki, nasistlər puç olmuş ümidlərinin, heç olmasa, bir hissəsini ancaq qalib ölkələr arasına nifaq salmaqla xilas edə bilərlər.

Bu səbəbdən də Göbbels “2000-ci il” məqaləsini yazır. Məqalədə SSRİ-nin Avropada hökmranlıq etməsi qandondurucu şəkildə təsvir edilirdi. O yazırdı: “Əgər almanlar təslim olsalar, sovetlər Avropanın bütün şərqini və cənub-şərqini, eləcə də Almaniyanın böyük hissəsini tutacaqlar. Bu çox böyük ərazinin qabağına dəmir pərdə asılacaq”.

Məqalə gözlənilən ani nəticəni vermədi. Almaniya darmadağın edildi və Sovet İttifaqı, həqiqətən də, Göbbelsin sadaladığı əraziləri tutdu. Bundan başqa, hər şeyə şübhə ilə yanaşan ruslar Qərbin onların işlərinə qarışmaq imkanını minimuma endirdilər. Müharibə illərində Böyük Britaniyanın başında duran Uinston Çörçill indi Göbbels kimi Rusiyaya qarşı mənfi mövqe tutmağa başladı. O həmçinin rusların Qərbə doğru genişlənə biləcək təsirindən ehtiyatlanırdı. Çörçill gözlənilən bu təhlükələr haqda ABŞ-ı xəbərdar etməyə cəhd göstərdi və 1946-cı il martın 5-də Fultondakı çıxışında Göbbelsin dəmir pərdə ifadəsini işlətdi.

Bu söz tezliklə dillərə düşdü və sovet təsirində olan ərazilərin sərhədləri “dəmir pərdə” adlandırılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

diktator

Roma tarixinə görə, e.ə. 509-cu ildə romalılar son çarlarını taxtdan salaraq respublika elan etdilər. Özlərini bir adamın iradə və hakimiyyətindən qorumaq üçün onlar bir yox, iki adamın idarə etdiyi sistem yaratdılar. Onların hər ikisi konsul adlanır və bu vəzifəyə məhdud müddətə – bir illiyinə seçilirdilər. Bundan əlavə, əsilzadə ailələrin nümayəndələri olan ağsaqqallar qrupuna – senatorlara da xeyli səlahiyyət verilirdi. Beləliklə, siyasi qərarlar müxtəlif fikirlərin səsləndiyi birgə müzakirələrdən sonra qəbul edilirdi. Bununla da düşüncəsiz addımların atılmayacağına ümid etmək olardı.

Amma bu sxemin təhlükəli tərəfi də vardı. İş orasındadır ki, fövqəladə vəziyyətlərdə çevik qərarlar qəbul etmək tələb olunur. Sonu görünməyən müzakirələr isə fəlakətlə nəticələnə bilərdi.

Buna görə də romalılar müvəqqəti çarın seçilə bilməsi şərtini də irəli sürmüşdülər. Senatın müəyyən bir müddətə bütün hakimiyyəti əlində cəmləşdirəcək və hakimiyyətdə olduğu vaxt sözünün qanun olacağı adamın adını açıqlamaq hüququ var idi. Bu səbəbdən də onu diktator adlandırırdılar (latıncadan tərcüməsi “mən dedim”). Yeri gəlmişkən, bu adam yalnız altı ay müddətinə seçilə bilərdi.

Bizim zamanımızda qanuni yolla seçilmiş dövlət orqanlarının əlindən hüquq və səlahiyyətlərini alan adamlara diktator deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti