Reklam
Reklam

Etimologiya lüğəti

Qordi düyünü

Yunan rəvayətinə görə, e.ə. IX əsrdə Frigiya çarlığında (Kiçik Asiya) baş verən daxili qarışıqlıq zamanı kahin növbəti çarın örtülü araba ilə gələcəyini xəbər verir. Elə bu vaxt Qordi adlı kəndli öz arabası ilə oralara gəlib çıxır və dərhal da çar elan edilir. Qordi öz arabasını Zevsə hədiyyə edir, özü də əskeş qoşqusunu dirəyə olduqca mürəkkəb düyünlə bağlayaraq uclarını məharətlə gizlədir.

Bundan sonra kahin bu düyünü açanın bütün Şərqin hökmdarı olacağını elan edir. Ancaq bir neçə əsr ərzində bu düyünü açmaq üçün göstərilən cəhdlər bir nəticə vermir. Bundan sonra həlli müşkül görünən problemlərə “qordi düyünü” deyilməyə başlandı.

E.ə. 334-cü ildə Böyük İsgəndər Əhəmənilər imperiyasını fəth etmək üçün Kiçik Asiyaya daxil olur. E.ə. 333-cü ildə İsgəndər qədim Frigiyanın paytaxtı Qordiuma yaxınlaşır. Qordi düyünü hələ də burada, Zevsin məbədində idi.

 “Bu nədir?”, – deyə o soruşur. Ona bu düyünü açanın bütün Şərqi fəth edəcəyini deyirlər. İsgəndər qılıncını qınından çıxararaq bircə zərbə ilə düyünü kəsir.

“Bu məsələni mən belə həll edəcəm”, – deyərək Şərqi fəth etməkdə davam edir. Bundan sonra “Qordi düyününü kəsmək” kəlməsi ilk baxışdan həlli mümkün olmayan məsələnin güc yolu ilə həll olunması mənasında işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

qotik

Qotlar german tayfalarından biri idi. Onlar 489-cu ildə böyük ordu ilə İtaliyaya daxil olur və otuz il ərzində mövcudluğunu qorumuş çarlıq yaradırlar. Romalılar barbar qotların zülmündən sıxılır və bu dövrü qotlar İtaliyadan qovulduqdan sonra da uzun müddət ikrah hissi ilə yad edirdilər.

Orta əsrlərdə italiyalılar Alp dağlarının o tayında yaşayan xalqları – almanlar və fransızları qot - barbar hesab edirdilər.

Alp dağlarından şimalda yaşayan xalqların mədəniyyətinin italiyalılarınkından fərqli olaraq Roma adət-ənənələri ilə bağlılığı zəif idi; məsələn, onlar tamamilə yeni memarlıq tərzi yaratmışdılar. Roma ruhunda kilsələr inşa etmək əvəzinə, XII əsrə xas olan xüsusi üslub işləyib hazırlamışdılar. Ağır daş damlar xarici dayaqlarla möhkəmlənmiş bütöv sütun sistemi üzərində dayanırdı. Bu, olduqca nazik divarlar tikməyə və divarın bir hissəsini mozaik pəncərələrlə əvəz etməyə imkan verirdi. XIV–XVI əsrlərin şanşöhrəti sayılan bu kilsələr italiyalılar tərəfindən həqarətlə qotik adlandırılırdı. Onlar bu terminlə klassik üslubdan tamamilə fərqlənən xam və romantik olan hər şeyi adlandırırdılar.

Bu gün romantika, həyəcan və gərginliklə dolu nəsr əsərləri qotik romanlar adlanır, yuxarıda haqqında danışdığımız kilsələr isə qotik memarlığın ən parlaq nümunələri sayılır. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti