Fars sözüdür: mala “palçıq” (və ya alət) deməkdir, keş isə “çəkən” mənasını əks etdirir. Divara və s. palçıq sürtmək üçün olan alətin adıdır. Alakeş sözü də var və dialektlərdə işlənir. Alaq otunu təmizləmək üçün olan alətdir, yəni toxadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“İzahlı lüğət”də belə verilir: iri və xırda buynuzlu ev heyvanlarına “mal-qara” deyilir. Misal da verib: Nurəddinin mal-qaradan ancaq bir atı vardı. Məlum olmur ki, at haçandan buynuzlu hesab edilməyə başlayıb?! Mal-qara sözünün əsli mal-davar kimi olub və bütün ev heyvanlarını (it-pişikdən başqa) əhatə edib. Buna at, eşşək və s. də daxildir, təkcə buynuzu olanlar yox. Mal-qara sözündə mal iri, qara (davar) isə xırda heyvanları əhatə edir. Mal-qara “irili, xırdalı bütün heyvanlar” kimi başa düşülməlidir. Qaramal sözündə isə, həm qara, həm də mal hissələri yalnız iri və buynuzlu heyvanlara aiddir. Bəzən soruşurlar ki, mal-qara və qaramal eyni sözlərdən ibarət olduğu halda mənaları niyə ciddi sürətdə fərqlənir? Səbəbi odur ki, mal-qara sözündə qara sözü davar sözünün yerini tutmuşdur, yəni, hər iki söz (mal-qara, qaramal) heç də eyni kəlmələrdən əmələ gəlməyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti