632-ci ildə islamı yenicə qəbul etmiş ərəblər ilk dəfə olaraq yaşadıqları yarımadanın sərhədlərindən kənara çıxaraq sonradan əsrlərlə davam edəcək istilaçı siyasətlərində ilk addımlar atmağa başladılar. 711-ci ildə onlar qədim yunanların Herkules boğazı adlandırdıqları dar su zolağına çatdılar.
Ərəblərin balaca bir dəstəsi boğazı keçərək İspaniyaya gəlib çıxdı. Bu ilk uğur yeni uğurlar gətirdi və bir neçə ildən sonra, demək olar, bütün İspaniya təcavüzkarın tapdağı altına düşdü. İspanlar ərəbləri mavr adlandırırdılar.
Mavrların dilində “al-kaid” başçı deməkdir. Bu söz, əsasən, sərkərdələrə şamil edilirdi. Mavrlar bu torpaqlarda az qala səkkiz əsr hökmranlıq etdikdən sonra ardı-arası kəsilməyən məğlubiyyətlərə uğramağa başlayanda onların əsir düşmüş əsgərləri qaliblərə – ispanlara nökərlik etməyə məcbur qalırdılar. İspanlar onları lağla “al-kaid” sözünü təhrif edərək “alacayo” adlandırırdılar. Vaxtilə qalib olanlar indi nökərə çevrilmişdilər. Tədricən bu sözdən başdakı “a” hərfi düşdü və digər dillərə “lakey” kimi keçdi. Bu söz hazırda istənilən nökərə, ələlxüsus da alçaqlığı və yaltaqlığı ilə seçilənlərə münasibətdə işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiYunanıstanın cənubunda yerləşən Sparta şəhərində e.ə. təxminən 610-cu ildə yeni həyat tərzi təbliğ edilməyə başlandı. Yeni sistemdə spartalılar özlərini bütünlüklə hərbi təlimlərə həsr edirdilər. Yeddi yaşına çatmış bütün oğlan uşaqları kazarmalara yerləşdirilərək uzun müddət ərzində hərb sənətinin sirlərinə yiyələnirdilər. Bunlardan əlavə, gənc spartalılara qısa və dəqiq danışmağı da öyrədirdilər. Onlar danışmaq əvəzinə daha çox iş görməli, əgər danışası olsalar belə, “nə qədər az danışsan, bir o qədər yaxşıdır” prinsipinə əməl etməli idilər.
Spartaya ən yaxın (və ilk fəth edilən) bölgə Lakoniya idi. Buna görə də az danışmaq lakonik olmaq deməkdir.
Belə lakonik nitqin ən məşhur nümunəsi 338-ci ilə, Makedoniya bütün Yunanıstanı fəth edən vaxta aiddir. Təkcə Sparta yenilməz qalmışdı. Makedoniya çarı II Filipp Spartanı qorxutmaq və tabe etmək məqsədilə çapar göndərir. Onun məktubunda belə yazılmışdı: “Əgər mən Lakoniyaya daxil olsam, Spartanı yer üzündən siləcəm”.
Spartaya rəhbərlik edənlər bircə sözdən ibarət cavab yolladılar: “Əgər!” (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiAvropalılar uzunmüddətli dəniz səyahətinə çıxmağa başlayanda üzləşdikləri ən böyük çətinlik sinqa xəstəliyi idi. 1747-ci ildə şotlandiyalı həkim Ceyms Lind sinqaya tutulmuş dənizçilərə müxtəlif ərzaq məhsulları yedizdirərək xəstəliyə qarşı sitrus meyvələrinin ən yaxşı təsir etdiyini aydınlaşdırır. O, Britaniya Hərbi Dəniz Donanmasının komandanlığını dənizçilərin gündəlik yeməklərinə sitrus meyvələrinin daxil edilməsinin vacibliyinə inandırmağa çalışır. Komandanlıq buna razı olmur.
Ancaq kapitan Ceyms Kuk XVIII əsrin 70-ci illərində məşhur dəniz səyahətləri zamanı limon şirəsindən istifadə etdiyindən üç il ərzində sinqa üzündən cəmi bir dənizçisini itirir. Britaniya Hərbi Dəniz Donanmasının komandanlığı isə ancaq Lindin vəfat etdiyi 1795-ci ildə, şərait diktə edəndən sonra, limonu dənizçilərin yemək payına əlavə etməyə qərar verir.
Spirtli içkilər əvəzinə məcburi olaraq limon şirəsi içizdirilmələrinə ən çox çaşbaş qalanlar, təbii ki, ilk növbədə dənizçilər özləri idi. Bu “qəribə” fakt xarici ölkə dənizçilərinin də diqqətindən yayınmamışdı. Amerikalılar Britaniya dənizçilərini həqarətlə “limonyeyənlər” adlandırırdılar. Tədricən bu söz bütün britaniyalılara şamil edilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiE.ə. I əsrdə romalılar Qalliyanı istila edəndə məlum oldu ki, bu torpaq çox sayda müxtəlif tayfalar arasında bölünüb. Qalliyanın mərkəzində limovis tayfasının nəzarətində olan iri bölgə var idi. Bu tayfanın təhrif olunmuş adı dövrümüzə qədər gəlib çıxıb. Onların Vyenna çayının sahilində yerləşən paytaxtları hələ də Limoj, vilayət isə bütövlükdə Limosen adlanır.
Limosen Fransa inqilabına qədər bu ölkənin əyalətlərindən biri idi. İnqilabçılar bütün əyalətləri kiçik departamentlərə böldülər. Limosen üç departamentə ayrıldı. Buna baxmayaraq adını dillərdə və bəzi geyim əşyalarında saxladı. Limosen sakinləri bədənlərini başdan-ayağa örtən ləbbadə geyinirdilər. O vaxtdan bu libasa limuzin adı qoyuldu.
XIX əsrin sonlarında, küçələrdə ilk avtomobillər peyda olmağa başlayanda, fransızlar onların yaradıcılarının ilk sıralarında yer aldılar və beləliklə, avtomobilə aid xeyli fransız termini (şassi, qaraj və s.) yarandı. Sərnişinlərin özlərini sanki baramanın içindəki kimi hiss etdikləri və onları sürücüdən ayıran arakəsməsi olan maşınlar limuzin adlanmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiMədəni dünyanın illər ərzində yaratdığı ədalət sistemi mükəmməl deyil. Bu sistem ləng və çox vaxt da səhv işləyir. Xüsusilə ABŞ və Böyük Britaniyada müttəhimin hüquqlarının qorunması üçün xeyli səy göstərilir. Bunun əsasında “insan əksi sübuta yetirilməyincə günahsızdır” prinsipi dayanır.
Hərdən, günahı heç kimdə şübhə doğurmayan birisinin, ümumiyyətlə, məhkəməyə çıxarılmasını, təcrübəli vəkillərə onu müdafiə edərək sonda bəraət qazandırmağa çalışmalarına icazə verilməsini anlamaq çətin olur.
Bu səbəbdən də ədalətin bərqərar olunması üçün təqsirləndiriləni istintaq və məhkəməsiz cəzalandırmaq, hətta ölüm hökmü çıxarmaq kimi fikirlər istər-istəməz ağıllara gəlir. Kütlə tərəfindən bu cür ədalət məhkəmələrinin qurulması Birləşmiş Ştatlarda (əsasən, cənubda) hətta XX əsrdə belə geniş yayılmışdı.
Belə ədalət məhkəmələrinin əsasını qoyan isə Virciniya sakini Vilyam Linç sayılır. O, qonşularından ibarət qeyri-rəsmi “polis” yaradaraq qanundan qaçan “günahkarları” cəzalandırırdı (bir çoxları belə dəstələrin yaradılmasını Virciniyanın başqa bir sakini Çarlz Linçin adına çıxırlar).
Nəticədə məhkəmə qərarı olmadan edam edilən adama linçlənmiş deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiTəxminən VI əsrdə müasir Avstriyanın ərazisində yaşayan german tayfalarından birinin üzvləri özlərini lanqobard adlandırırdı. Lanqobardlar 600-cü ildə Şimali İtaliyanı tutaraq Mərkəzi İtaliyanın bəzi şəhərlərində də möhkəmləndilər. İtaliyalılar tayfanın adını təhrif edərək onun üzvlərini lombardlılar, krallıqlarını isə Lombardiya adlandırdılar.
Orta əsrlərin son çağlarında İtaliyanın ticarət şəhərlərində birdən anladılar ki, sələmçilik və bank fəaliyyəti çiçəklənmənin zəruri şərtlərindən biri olmaqla yanaşı, həm də olduqca gəlirli bir sahədir. Buna görə də kilsənin qadağalarına baxmayaraq, bu işlə məşğul olmağa başladılar. Sələmçilikdə ən çox uğur qazananlar lombardlılar idi. Bu biznesin növlərindən biri qiymətli əşyaların – paltardan tutmuş üzüyə qədər – girov qoyulması qarşılığında borc pul verilməsi idi. Lombardlılar bu işdə elə məşhurlaşdılar ki, “lombardlı” sözü “bankir” və ya “müxtəlif əşyaları girov alıb əvəzində borc pul verən insan” mənasını verməyə başladı.
Sələmçinin dükanı, təbii ki, insanların girov qoyduğu müxtəlif əşyaların yığıldığı bir yer idi. Sonralar “müxtəlif əşyaları girov qoymaq müqabilində borc götürülə biləcək yer” mənasını verən “lombard” sözü yarandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti