Bu sifət “kəsmək” mənasını verən itmək (ötmək) feilindən əmələ gəlib. Əvvəlcə ötü kimi olub, sonra iti şəklinə düşüb, yitik, yiti formaları da mövcud olub. İtməz sözü “korş” demək olub. Ötgün isə “kəsib-keçən” deməkdir. Tiyə sözü də iti sözü ilə qohumdur. Qədim hind dilində də əçriş (iti) sözü tiyə mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBunu çöl zeytunu adlandırıblar. Çiçəyinin ətri əsasında adını yidə (yid –“iy” demək olub) qoyublar. Yıdan –“iyverən”, yıdlıq –“ətirli” mənalarında işlədilmiş sözlər olub, iydə sözü yidan (iy verən) kəlməsinin dəyişmiş formasıdır (Bəzən Xalidə adını da iydə sözü ilə bağlayırlar. Guya üzündəki xal iydənin meyvəsini xatırladır. Əslində, bu, xalid sözü ilə bağlıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİy və iynə sözlərinin mənası “yığmaq” olub, biri ipi üstünə dolayıb, onun kiçiltməsi olan iynə (əsli: yignə) zahirən iyə oxşadığına görə belə adlanıb. Dədə Qorqud haqlıdır: Gəlinə “ayıran” demədim mən Dədə Qorqud, / Ayrana “doyran” demədim mən Dədə Qorqud, / İynəyə “tikən” demədim mən Dədə Qorqud, / Tikana “sökən” demədim mən Dədə Qorqud... İynə yığır (ona “tikən” demək olmaz), tikan “sancan” deməkdir (ona “sökən” demək olmaz), ayran “turş” deməkdir (ona “doyran” demək olmaz), gəlin gəlmək sözündəndir (ona “ayıran” demək olmaz; gəlin ayıran deyil, xoşbəxtlik gətirəndir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Güman edirəm ki, söz iy (запах), irin (iyrin) sözləri ilə qohumdur. Başqa yozum: mənbələrdə xəstə sözünün sinonimi kimi ig sözü qeydə alınıb, iyrən (igrən) bununla da bağlı ola bilər. İg “xəstə” sözünün yerinə işlədilib. İglik “xəstəlik” kimi açıqlanıb. Xəstə farscadan alınma sözdür. On (sağır nunla yazılıb) “sağlam”, ig isə “xəstə” demək olub (onlamaq indi də “sağalmaq” mənasında işlədilir).
2. İrin, iy sözləri ilə kökdaşdır. İrin yerinə çirin də işlədilib. Görünür, kök çi hissəsidir və “su” (maye) anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti