Reklam
Reklam

Məsəllər, deyimlər

YEDDİ ARXA DÖNƏN

►Çox qədimlərə gedib çıxan qohumluğu, nəsli, şəcərəni bildirən ifadə.

İfadə türkdilli xalqların nəslə, kökə, ailə şəcərəsinə həssaslığı ilə əlaqədar meydana çıxmışdır.

Ən qədim qəbilə quruluşunun izlərini mühafizə edən bu ifadə həm də türklərdə ata-baba kultuna, əsil-nəcabətə, böyüklərə, ağsaqqallara dərin hörməti ifadə edir. Türk xalqları içərisində yeddi arxa dönəni tanımaq çox zəruri hesab olunurdu, bunları tanımayanlar əsilsiz-nəsəbsiz və ümumiyyətlə, dəyərsiz adam sayılır, gözdən düşürdü. Qədim qırğızlar həm ata, həm də ana xətti ilə yeddi arxa nəslini tanımayanı «qul» hesab edirdilər. Əsl adam irq baxımından saf, təmiz, kamil, qabil adamdır. Hər kəs öz şəcərəsini bilməli, tayfanın, qəbilənin banisini tanımalıdır. Bu məlumatlar yalnız yaddaşlarda yaşayır, çox az hallarda yazıya köçürülürdü.

Bizim günlərdə adamlar, əsasən, babasını və nənəsini tanıyırsa, min illər boyu savadsız adamlar öz nəsli haqqında daha dərin və geniş biliyə malik olurdu. Şəxs öz ailəsinin və qəbiləsinin keçmişi haqqında yazılı mənbələrdən məlumat ala bilmədikdə bu məlumatı yalnız şifahi nitq vasitəsilə almış olurdu. Bununla əlaqədar bir neçə nəslin təmsilçilərinin əsil-nəcabəti yadda saxlamaq qabiliyyəti çox güclü olurdu.

İfadə bəzən də «Yeddi arxa dolanan» şəklində işlənir. Qohumluq iyerarxiyasında yeddi arxa dönən şəxs ən uzaq qohumdur və adətən, qohumların sırası belə göstərilir: övlad – nəvə – nəticə – kötücə – yadıca – ötücə – yeddi arxa dönən.

Məsəllər, deyimlər