►Qəbahət işlədib üzr istərkən daha böyük səhvə yol verməyi, istəmədən kiminsə qəlbinə dəyməyi bildirən ifadə.
Başqa sözlə, «üzrxahlığı günahından daha betərdir» mənasında işlədilən bu ifadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.
Bir gün Teymurləng Molla Nəsrəddindən «üzr bədtər əz günah» ifadəsinin mənasını soruşur. Molla bunun fars kəlamı olub mənasının isə üzrü günahından betər olduğunu açıqlayır. Hökmdar heç nə başa düşmədiyini söyləyir və Mollanı məzəmmət edir:
– Bir söz nədir ki, sən onu mənə başa sala bilmirsən. Bax sənə yüzü sayınca vaxt verirəm. Başa sala bilməsən, boynunu vurduracağam.
Molla bir söz deməyib hökmdara yaxınlaşır və onu möhkəm çimdikləyir. Bərk qəzəblənən Teymurləng Molladan nə etdiyini soruşur. Molla isə üzr istəyib belə deyir:
– Üzr istəyirəm, qibleyi-aləm sağ olsun! Elə bildim ki, evimizdəyəm, sən də mənim arvadımsan!
Bu sözlərdən Teymurləng cin atına minir:
– Nə danışırsan?!
Molla əhvalını pozmadan cavab verir:
– Qibleyi-aləm, hirslənmə! «Üzr bədtər əz günah» bax budur!
İfadə daha çox Türkiyədə işləkdir: «Özrü kabahatinden büyük».
Məsəllər, deyimlər