Reklam
Reklam

Məsəllər, deyimlər

SÜLEYMANA QALMAYAN DÜNYA...

Dünyanın faniliyini, əbədi olmadığını bildirmək məqsədilə işlədilən ifadə.

İfadə yəhudi padşahlarından biri olmuş Süleyman peyğəmbərin adı ilə bağlı rəvayətlərdən qaynaqlanmışdır.

Rəvayətə görə, çox ədalətli hakim sayılan Süleyman yəhudi peyğəmbərindən və padşahlarından biri olmuşdur. «Tövrat»a görə, e.ə. 965–928-ci illərdə hakimiyyətdə olmuş Süleyman guya təbiətin bütün qüvvələrinə hökm edir, bütün heyvanların dilini bilirmiş.

Tam şəkildə «Süleymana qalmayan dünya kimə qalacaqdır?» kimi işlənən ifadə ilə nə var-dövlətə, nə də hakimiyyətə etibar olmadığını, Süleyman kimi əzəmətli bir adamın da ölüm qarşısında diz çökdüyünə işarə edirlər.

Süleyman peyğəmbərin adı tarixdə sərvət, hakimiyyət, ədalət, ülviyyət və s.-nin rəmzinə çevrilmişdir. Bütün Şərq ədəbiyyatında Süleyman taxt-tac, mal-dövlət, həm də ədalət simvolu kimi tərənnüm olunur. Ona görə də bir mübahisəli məsələ tez, düzgün və ədalətlə həll edildiyi hallarda onu Süleyman məhkəməsi ilə müqayisə eləyirlər.

Bəzən var-dövlətinə və ya vəzifə mövqeyinə arxalanaraq qudurğanlıq edən adamlara nəsihət vermək məqsədilə bu məsəldən istifadə olunur.

Məsəllər, deyimlər