►Olduqca mürəkkəb və mübahisəli bir məsələnin tez, dəqiq, ən başlıcası isə ədalətli şəkildə həll edildiyini bildirmək üçün işlədilən ifadə.
İfadə Süleyman peyğəmbərin ədalətli hökmdar olması ilə bağlı bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətə görə, bir gün çox ədalətli hakim hesab olunan Süleyman peyğəmbərin yanına iki qadın gələrək onların arasındakı mübahisəni həll eləməyi xahiş edir. Qadınlardan biri deyir ki, biz eyni kişinin arvadıyıq və eyni vaxtda hərəmiz bir oğlan doğmuşuq. Dünən gecə bu qadın yuxulu ikən öz uşağını altına salıb boğmuş, sonra ölü uşağı gizlicə mənim yanıma qoyub oğlumu aparmışdır. Uşağımı ondan alıb mənə qaytarmağınızı xahiş edirəm. O biri qadın isə bütün bu sözləri ağ yalan adlandırır və uşağın onun öz övladı olduğunu bildirir.
Onların hər ikisini diqqətlə dinlədikdən sonra Süleyman sağ qalmış uşağı yanına gətirməyi əmr edir. Uşağı bələyə bükülmüş halda gətirib Süleymanın qabağına qoyurlar. O, qılıncını çıxarıb uşağın başı üzərinə qaldırır və qadınlara müraciətlə:
– Mən indi uşağı tən bölüb hərənizə yarısını verərəm, onda hər ikiniz məndən razı qalarsınız, – deyir.
Yalançı ana: «Mən sizin ədalətli hökmünüzdən çox razıyam», – deyir. Uşağın əsl anası isə Süleymanın ayaqlarına yıxılıb körpəsini öldürməməsini xahiş edir və onun iddiaçı qadına verilməsinə razı olduğunu bildirir.
Süleyman qadınların hərəkətindən uşağın həqiqi anasını müəyyən edib oğlanı əsl anasına verir, o biri qadını isə yalan danışdığı üçün cəzalandırır.
Məsəllər, deyimlər