►Nankorluq etmək, hər hansı yaxşılığın müqabilində pislik, nadürüstlük etmək, münasibətləri pozmaq.
İfadə Şərq xalqlarının bir çoxunun folklorunda yayılmış məşhur və ibrətamiz bir əhvalatla bağlıdır.
Rəvayətə görə, səhrada su ehtiyatı qurtaran iki nəfər uzun-uzadı su axtarışına çıxır. Nəhayət, yolçular bir quyuya rast gəlirlər. Bolluca su içib yanğılarını söndürürlər, əl-üzlərini yuyub sərinlənirlər. Sonra quyunun yanında uzanıb yuxuya gedirlər.
Onları yuxudan at kişnərtisi oyadır. Qalxıb bir nəfər atlının quyuya yaxınlaşdığını görürlər. Həmin adam quyuya yaxınlaşır, salamsız-kalamsız quyudan su çəkib içməyə başlayır. Sonra atına da su verir. Yenidən üzünə su vurur, ağzını yaxalayır və yaxantını kənara deyil, quyuya tüpürür. Bunu görən yolçular atlını tənbeh edirlər ki, su içdiyin quyuya tüpürmə, çünki yenə bu quyudan su içəcəksən. Lakin atlı onların sözünə məhəl qoymadan bu dəfə açıq-aşkar quyuya tüpürür. Belə olduqda yolçulardan biri xəncərini çıxarıb azğın atlını öldürür.
Əslində, suyun və su quyusunun qədrini bilməyin vacibliyini qabardan bu ifadə sonradan məcazlaşaraq «nankorluq etmək», «qədrini bilməmək» mənasında işlənməyə başlamışdır.
Məsəllər, deyimlər