►Nə vaxtsa danışılmış şərtə və ya deyilmiş sözə eyham vurmaq məqsədilə işlədilən deyim.
İfadə «Koroğlu» dastanından qaynaqlanaraq məşhurlaşmışdır.
Dastanın «Həmzənin Qıratı aparması» qolunda işlədilən bu deyim Keçəl Həmzənin dilindən səslənir.
Dəyirmanda aldanmış Koroğlu Həmzəyə çox yalvarır ki, Qıratı qaytarsın, lakin keçəl razı olmur. O deyir: «Mən bilirəm ki, sən axırda gəlib öz atına sahib olacaqsan. Mən ona görə belə eləyirəm ki, ortada bir ağ günə çıxam. Hər nə vaxt ki Toqata gəldin, atın üzəngisini özüm basıb səni ona mindirəcəyəm».
Bir müddətdən sonra Koroğlu aşıq paltarında Toqata gəlir. Hasan paşa onu Qıratın yanına salır ki, Koroğlunun mahnılarından oxumaqla guya xəstələnmiş atı sağaltsın. Bu yerdə Həmzə onu tanıyır və özünü verir tövlənin qabağına. «Həmzə baxdı ki, bəli, qoç Koroğlu Qırat da yedəyində tövlədən çıxır. Tez yüyürüb üzəngini basdı ki:
– Koroğlu, söz dəyirmandakıdı».
Məsəllər, deyimlər