Reklam
Reklam

Məsəllər, deyimlər

QURDU ULAMAQ

►Bәxti gәtirmәk, taleyi üzünə gülmək, müvәffәqiyyәt qazanmaq.

İfadə qәdim türklərdə qurdun ulamasını ciddi uğur əlaməti kimi qəbul etmək inancından qaynaqlanır.

Yazılı mәnbәlәrdәn mәlum olur ki, qurdun ulaması ilә qoşun yola çıxır, sәfәrә gedir, qurd yerә oturduqda isә sәfәrdәn dönürdü. Uyğurca Oğuz dastanında deyilir ki, Oğuz xan «Urum» üzәrinә yürüş edәrkәn bir gecә çadırına bir işıq (nur) düşdüyünü görür. Bu işıq boz qurd idi ki, ona yol göstәrmәyә gәlmişdi. Belәliklә, qurd qoşunun rəhbәri, hamisi hesab olunurdu.

Qədim Çin mәnbәlәrindә göstәrilir ki, VI–VII әsrlərdə türk qoşunları, xüsusilә dә xaqanın xüsusi dәstəsi (qvardiyası) qurd (bori) adlanırdı. Buna görə də qurdun ulaması mübarәk fal, yaxşı əlamət sayılırdı. Maraqlıdır ki, «Kitabi-Dәdә Qorqud» dastanında da qurdun özünü görmәk mübarәk fal hesab olunur. «Qurd üzü mübarəkdir» deyilir. Salur Qazan: «Qara başım qurban olsun, qurdum, sәnә!» – deyir.

«Qurd» әvәzinә bәzәn «it» sözü işlәdilir. Әfsanәlәrә görә, it (sonralar qurd) türk xalqlarının totemi olmuşdur. Qәdim hunların fikrincә, Atilla itdәn doğulmuş görkәmli hökmdardır.

Məsəllər, deyimlər