►Söz verib vədindən qaçan yalançı və lovğa adamları, dil pəhləvanlarının davranışını səciyyələndirmək üçün işlədilən ifadə.
İfadə Mirzə Cəlilin məşhur «Qurbanəli bəy» (1907) hekayəsindən sonra yayılmağa başlamışdır.
Mövzusu Azərbaycan mülkədarlarının həyatından alınmış bu hekayənin baş qəhrəmanı «Qapazlı» kəndinin mülkədarı Qurbanəli bəydir. Yazıçı onun lovğa təbiətini, mənəvi yoxsulluğunu və nadanlığını pristavın arvadının ad günü münasibətilə keçirilən ziyafətdəki hərəkətləri ilə, o cümlədən pristava dediyi «Naçalnik ağa, sən bizim başımızın sahibisən... Qurban sənə mənim canım, nə qədər ki mən sağam, nökərəm sənə» cümləsi ilə açır.
Qurbanəli bəy içkinin təsirindən tamam keflənərək ağaları və xanımları öz evinə qonaq çağırır. Amma sonra bunu unudaraq heç kəsə heç nə demədən sərxoş halda yıxılıb yatır. Səhəri gün qonaqların təşrif gətirdiyini biləndə vəziyyətdən çıxmaq üçün qaçıb tövlədə, at axurunda gizlənir və bu hərəkəti ilə daha gülünc vəziyyətə düşür. Qonaqlar dünən onun təriflədiyi atlarına baxmaq üçün tövləyə girib Qurbanəli bəyin axurda gizləndiyini görürlər.
Bu günün özündə də verdiyi sözdən qaçan adamı Qurbanəli bəyə, onun davranışını isə «Qurbanəli bəyin qonaqlığı»na oxşadırlar.
Məsəllər, deyimlər