Reklam
Reklam

Məsəllər, deyimlər

PİRR QƏLƏBƏSİ

►Çox itkilər hesabına başa gələn, verilən qurbanları heç cür doğrultmayan, məğlubiyyətə bərabər, mənasız qələbəni bildirən ifadə.

İfadə tarixdə Romaya qarşı uzunmüddətli və səmərəsiz müharibə aparmış yunan çarı Pirrin adı ilə bağlıdır.

Qədim mənbələrdə deyilir ki, Yunanıstanda Epir adlı vilayət varmış. Həmin vilayətin Pirr adlı çarı e.ə. 280-ci ildə Roma ilə uzunmüddətli və amansız müharibəyə başlayır. O, ordusundakı döyüş fillərinin hesabına romalıları iki dəfə məğlub edə bilir. Amma ikinci qələbə Pirrə elə çox qurban bahasına başa gəlmişdi ki, rəvayətə görə, qələbədən sonra çar qışqıraraq «bir də belə qələbə qazansaq, mən qoşunsuz qalacağam» demişdi. Doğrudan da, az sonra müharibə Pirrin məğlubiyyəti və İtaliyadan geri çəkilməsi ilə sona çatır.

İfadənin yaranmasına səbəb olan hadisələri tarixi məxəzlərlə yanaşı, qədim yunan filosofu və mütəfəkkiri Plutarx da geniş təsvir etmişdir.

Bizim günlərdə də birisi əhəmiyyətsiz, səmərəsi olmayan bir üstünlük üçün çoxlu güc və ya maliyyə sərf etdikdə bu ifadəni işlədirlər.

Məsəllər, deyimlər