ing. guerrilla television termininin hərfi tərcüməsi
1. Şəbəkə televiziyasına alternativ olaraq yaranmış, film və süjetlərini videokasetlərdə fərqli üsullarla yayan telekanal.
Termini ilk dəfə «P.T.» (1971) kitabında amerikalı telejurnalist Maykl Şamberq işlədib. O, 1960-cı illərin sonlarında dostları ilə birgə video-kollektiv yaradaraq «Yırtıcı» televiziya» adlandırdığı mövcud televiziya mədəniyyətinə və sisteminə qarşı dinc üsullarla «partizan mübarizəsi»nə qalxıb. P.T. ideyasının müəllifləri tərəfdarlarını portativ kameralarla alternativ filmlər, verilişlər çəkməyə və onları yaymağa çağırırdılar. Şamberq inanırdı ki, yeni kommunikasiya texnologiyaları alternativ informasiya və ideyaları əhaliyə çatdırmağa, ictimai həyatda dəyişikliklərə nail olmağa imkan verəcək.
2. Öz ölkəsində qanuni fəaliyyət göstərə bilmədiyi üçün yayımını xarici dövlətin ərazisindən həyata keçirən peyk və ya internet televiziyası.
Misal: «Biz havayı yerə partizan televiziyası adlandırılmırıq: müharibə vaxtı partizanlar silahlarını gizli yerlərdə saxladıqları kimi, bizim də avadanlığımızı gizlətdiyimiz yerlər var» (Aleksey Dzikavitski, Polşadan yayımlanan «Belsat TV»nin redaktoru).
Jurnalistika terminləri lüğəti