yun. mechane – maşın
Medianın peşəkar dairələr tərəfindən müəyyənləşdirilmiş fəaliyyət prinsipləri, jurnalistlərin davranış qaydaları və onlara könüllü əməl olunmasına nəzarət sistemi.
Bu sistemin əsasını peşə etikası standartları təşkil edir: fəaliyyət prinsipləri və davranış qaydaları məhz orada əks olunur. Həmin standartlar əhatə dairəsindən asılı olaraq redaksiya kollektivləri, jurnalist təşkilatları, qurultaylar tərəfindən təsdiqlənir, onlara əməl olunmasına nəzarət üçün üsullar, qurumlar yaradılır. Redaksiyadaxili standartlara redaksiya şuraları və ombudsmanlar, ümumölkə və ya beynəlxalq standartlara isə mətbuat şuraları, xüsusi komissiyalar, onların birlikləri nəzarət edir. Nəzarət üsulları tənbehdən, ictimai qınaqdan, bəzi hallarda (əsasən, redaksiya daxilində) müəyyən cəza tədbirlərindən ibarətdir. Ö.M. yalnız medianın müstəqilliyinin və peşəkarlığının deyil, bütövlükdə demokratiyanın mühüm şərtlərindən biridir. Medianın Ö.M.-nin ilk institutları (etika kodeksləri) hələ XX əsrin əvvəllərində yaranıb. Lakin bir sistem kimi o, 1940-cı illərdən, ABŞ-da «mətbuat azadlığının perspektivlərini araşdırmaq» üçün Çikaqo universitetinin prezidenti Robert Hatçinsin rəhbərliyi ilə yaradılmış komissiyanın («Hatçins komissiyası») «Azad və məsuliyyətli mətbuat» hesabatı yayıldıqdan sonra formalaşmağa başlayıb. Hesabatda deyilirdi: «… kütləvi kommunikasiya vasitələrinin təmərküzləşməsi demokratiyaya təhlükə həddinə çatırsa, demokratiya bu problemi onların parçalanması yolu ilə həll edə bilmirsə, həmin vasitələr özünütənzimləməyə keçməlidir, əks təqdirdə hökumətin nəzarətinə götürüləcək. Amma onların hökumətin nəzarətinə keçməsi ilə biz totalitarizmdən başlıca müdafiə zəmanətimizi itirəcək, totalitarizmə doğru ciddi addım atmış olacağıq». Komissiyanın tövsiyəsinə uyğun olaraq ABŞ-da İnformasiya üzrə Milli Şura yaradıldıqdan sonra eyni proses sürətlə bütün dünyada yayıldı.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti