►Bir adam eyni sözü dəfələrlə deyib başqasını bezdirəndə canı boğazına yığılmış adamın narazılıqla işlətdiyi ifadə.
İfadə Sabit Rəhmanın məşhur «Hicran» tamaşasında (1983) maraqlı epizodların birində səslənmiş və getdikcə populyarlaşmışdır.
Həmin epizodda alverçi Qızbacı obrazını böyük ustalıqla canlandıran xalq artisti Nəsibə Zeynalova nədən söz düşüncə «Birinci bəyi geyindirmək lazımdır» ifadəsini işlədir. Təzə eşqə düşmüş hövsələsiz Mitoşbala (Hacıbaba Bağırov), nəhayət, dözməyib əsəbi halda:
– Onu demisən! Atamın goru haqqı, onu demisən, – deyə öz etirazını bildirir. Dadaşbala da (Səyavuş Aslan) bir kənarda əsəbiliklə özünə əl qatır.
Bu ifadə gündəlik həyatımıza daxil olaraq az qala zərbi-məsələ çevrilmişdir. İndinin özündə də kimsə söhbət əsnasında təkrara yol verdikdə həmin şəxsə müraciətdə zarafat və xatırlatma mənasında «Onu demisən!» ifadəsi işlədilir.
Məsəllər, deyimlər