►Həyata keçməmiş, hələ baş tutmamış xəyali bir işdən gələcək gəlirin üstündə mübahisə etmək, illüziyalara qapılmaq.
İfadə fransız təmsilçisi Lafontenin «Ayı və iki dost» əsərindən qaynaqlanır.
Həmin təmsildə nəql olunur ki, pula ehtiyacı olan iki dost xəyallar qurur, hələ öldürmədikləri, lakin dərhal tutmağa söz verdikləri ayının dərisini qonşu xəzçiyə necə və neçəyə satacaqlarını müzakirə edir.
Ömründə bir dəfə də ayı ilə rastlaşmamış dostlar meşəyə gedirlər, lakin onlar bədheybət ayını görən kimi vahiməyə düşüb qorxurlar. Onlardan biri ağaca dırmaşır, digəri isə yerə uzanaraq özünü ölülüyə vurur. Ayı ona yaxınlaşaraq hər tərəfini iyləyir, öldüyünü zənn edərək çıxıb gedir. Ağacdan düşən dost digərindən ayının onun qulağına nə dediyini soruşur. Dost belə cavab verir: «Ayı mənə dedi ki, hələ öldürmədiyiniz ayının dərisini satmağa dəyməz».
Sonralar bu ifadə geniş yayılaraq əsası olmayan işlər planlaşdıran, xəyalpərəst və fantastik layihələr düşünən həvəskarlara aid edildi.
Məsəllər, deyimlər