►Boyu hündür olmayan kişilərin daim şöhrət, var-dövlət və uğur əldə etmək istəyini bildirən ifadə.
İfadə Fransa imperatoru və sərkərdə Napoleon Bonapartın (1769–1821) adı ilə bağlıdır.
Napoleon çoxsaylı döyüşlərdə qalib gəlmiş dahi sərkərdə, inanılmaz dərəcədə ağıllı və tarixən hədsiz iddialı şəxs olmuşdur. Qadınlar ilk baxışdan ona aşiq olurdular, kişilər üçünsə o, nüfuz sahibi və əsl nümunə idi. Napoleonun boyu 1 m 51 sm idi, amma nailiyyətləri onu çox uca zirvələrə qaldırmışdı. O, tarixə dahi şəxsiyyət kimi düşmüşdür. Müasirlərinin yazdıqlarına görə, Napoleonun dahiliyə və uğura olan istəyinin əsas səbəbi boyunun çox da hündür olmamasıdır.
Sonra bu vəziyyət kompleks halına gəlmişdir və tarixdə bu kompleksin sayəsində dahi və məşhur olan adamlar az deyil: Herbert K.Fon, Volfqanq A.Motsart, Dahi Fridrix, Çarli Çaplin, Vudi Allen, Lui de Fünes, Al Paçino və başqaları məşhurluqlarına görə həm də bu kompleksə minnətdar olmalıdırlar.
Napoleon kompleksindən əziyyət çəkən kişilər başa düşürlər ki, güclü əzələ ilə nüfuz sahibi ola bilməyəcəklər, buna görə də özlərində digər istedadları inkişaf etdirməyə başlayırlar. Səylə çalışır, vaxtlarının çoxunu əqli işə sərf edir, təhsildə boyca özlərindən hündür olan yaşıdlarından daha yüksək nəticələr əldə edirlər. Adətən, tünd xasiyyəti olan bu kişilər sərbəst böyüyür, ali məqsədləri olur və inadla bu məqsədə doğru addımlayırlar.
Məsəllər, deyimlər