Reklam
Reklam

Məsəllər, deyimlər

MÜSƏLLƏH ƏSGƏRƏM MƏN DƏ BU GÜNDƏN...

►İnsanın fədakarlıq, qəhrəmanlıq tələb edən hər hansı bir işə, öz məsləki, amalı uğrunda mübarizəyə hazır olduğunu bildirən ifadə.

İfadə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğunun (1906–1956) «Vətən keşiyində» (1941) şeirindən qaynaqlanaraq yayılmışdır.

Böyük şairin vətənpərvərlik mövzusunda əsərləri içərisində Vətəni qorumağa çağırış ruhunda yazılmış bu şeirin ayrıca yeri vardır. Alman faşistlərinin Sovet İttifaqına qəfil hücumunun ilk günlərində qələmə alınmış «Vətən keşiyində» şeiri sanki ilk gündən müharibə üçün səfərbər edilmiş Azərbaycan xalqının adından verilmiş poetik bəyanat idi:

Bilsin ana torpaq, eşitsin Vətən!

Müsəlləh əsgərəm mən də bu gündən.

Bu gündən «müsəlləh (silahlı) əsgər» olduğunu deyən S.Vurğunun bu şeiri qısa müddətdə dillər əzbəri olmuş, müharibə dövrünün qəzetlərindəki hərbi-çağırış mövzusunda yazıların, qoşa səhifələrin ümumi başlığına çevrilmişdir. Bu şeirin bir məziyyəti də onun nikbin ruhda yazılması, qələbəyə inam aşılaması idi. Şair hələ müharibənin ilk günlərində böyük uzaqgörənliklə işğalçı faşist ordusunun tezliklə darmadağın ediləcəyini bildirirdi:

Bu ellər gecəni qatıb gündüzə,

Faşist ordusuyla gəlib üz-üzə

Dastanlar yazacaq öz hünəriylə,

Ordular basacaq öz zəfəriylə.

Ümumiyyətlə, Böyük Vətən müharibəsi mövzusu S.Vurğun yaradıcılığında önəmli yer tutur. «Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz» deyən şair bu dövrdə «Rəhbərin çağırışı», «Qəhrəmanın hünəri», «Partizan Babaş», «Təzə il sovqatı», «Şəfqət bacısı» və s. ölməz şeirlər qələmə almış, cəbhədə əsgərlərlə davamlı görüşüb onları döyüşlərə ruhlandırmışdır.

Məsəllər, deyimlər