Reklam
Reklam

Məsəllər, deyimlər

MƏNİM MİNASOVUM

►Yanında olduğun və ya bir yerdə çalışdığın etibarsız, satqın, xəbərçilik edən, çuğul adam haqqında işlədilən ifadə.

İfadə Azərbaycan milli mətbuatının banisi, millət fədaisi, görkəmli maarifçi Həsən bəy Zərdabiyə (1837–1907) məxsusdur.

O, «Əkinçi» qəzetinin 30 illiyindən bəhs edən «Rusiyada əvvəlimci türk qəzeti» məqaləsində («Həyat», 28 dekabr 1905 və 4 yanvar 1906) bu ifadəni işlətmişdir. Həsən bəy həmin məqalədə qeyd edir ki, qəzetə yaxşı münasibəti olan qubernator Staroselski Bakıdan gedəndən sonra müsəlmanların düşmənləri hər tərəfdən «Əkinçi»nin üstə tökülüb onun bağlanmağına səy etdilər. Jandarma polkovnikinə hər gündə məndən və «Əkinçi»dən adsız donoslar göndərdilər.

Məqalədən belə anlaşılır ki, donos yazanlardan biri də «qəzetin hürufat düzəni» Minasov imiş. Minasov milliyyətcə erməni olsa da, türk dilini yaxşı bilir və bacısı oğlu ilə birlikdə «Əkinçi» qəzetinin mətbəə işlərini görürdü. Təbii ki, bədxahlığından da qalmırdı. Onun bu «fəaliyyətini» Həsən bəy belə təsvir edir: «...bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub onları elm təhsil etməyə çağırırdı. Senzor qol çəkib çap olmağa izin vermişdi. Qəzet çap olub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum da ordadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm...»

Bəzi məlumatlara görə, Zərdabinin bu məqaləsindən sonra neft mədənlərində, zavodlarda, teatr və qəzetlərdə çar xəfiyyə orqanları ilə əməkdaşlıq edən, çuğulluqla məşğul olanların hamısına şərti olaraq «Minasov» deyirmişlər. Bəzi milyonerlər də çevrələrində şübhələndikləri şəxsləri zarafatla «mənim Minasovum» adlandırırmışlar. İfadə bu gün də öz işləkliyini saxlayır.

Məsəllər, deyimlər