►Nəyinsə möhkəmliyinin, həqiqiliyinin, dəyərinin və s.-nin sınanılmasına xidmət edən hər hansı hərəkət və hadisəni səciyyələndirən ifadə.
İfadə orta əsrlərdə zərgərlik sənətinin inkişafı ilə bağlı yayılmışdır.
Zərgərlik sahəsində qızıl, gümüş və platin məhsullarının əyarını müəyyənləşdirmək üçün istifadə olunan silisiumlu daşa, yaxud süni daşa məhək daşı deyilir. Qızıl-gümüşün həqiqi dəyərini bilmək üçün məhək daşına tədqiq olunan metalın xəttini və etalon nümunəsinin xəttini çəkirlər. Bu xətləri müqayisə edərək metalın keyfiyyəti və əyarını müəyyənləşdirirlər.
Məhək daşı – parıldayan, qiymətli hesab edilən əşyaların, əsasən də qızılın həqiqi və ya saxta olduğunu aşkarlayan maddədir. Yəni məhz məhək daşı ilə «təmasda» olduqda istənilən saxta metalın «paxırı» tezliklə üzə çıxır.
Məsəllər, deyimlər