►Nizamın pozulduğunu, hər hansı məsələnin həqiqi həlli yolundan nə qədər uzaq olduğunu, məsələlərin dolaşdırıldığını bildirmək üçün işlədilən ifadə.
İfadə ilk dəfə «Əkinçi» qəzetinin 29 fevral 1876-cı il tarixli 4-cü buraxılışında dərc olunan məqalədə işlədilmişdir.
Məqalənin müəllifi gəncəli Hacı Məhəmmədsadıq qəzetə göndərdiyi məktubda cəmiyyətdəki kəskin sinfi bərabərsizlikdən bəhs etməklə yanaşı, keçmişə rəğbətin tərəqqi və inkişaf yolunda əngəl törətdiyini ərz edir. Cəmiyyətin inkişafını, elmi-mədəni tərəqqi yolunu qarşılıqlı anlaşma və yardımlaşmada, milli birlikdə görən müəllif millətimizin bu yoldan hələ də çox uzaq olduğunu təəssüflə qeyd edir.
Haqqında danışdığımız ifadə məktubun yekun hissəsində bu cür işlədilir:
«...Amma, qardaşlar, bilin ki, körpü sudan uzaq qalıb, necə ki sabiq ərz oldu, əql itib, hər kəs bir təriq ilə özünə çıxıb: həmçinin kəmal da itib hər kəs özünə çıxır...»
«Əkinçi»nin nəşrindən, bu məktubun işıq üzü görməsindən 140 ildən çox keçsə də, gəncəli Hacı Məhəmmədsadığın sətirlərə hopdurduğu məsəl hələ də öz aktuallığını saxlayır.
Bəzi hallarda bu ifadə «körpü sudan uzaq düşüb» şəklində də işlədilir.
Məsəllər, deyimlər