►Yaxın olduğu, ürək qızdırdığı insanlardan, o cümlədən dostlarından gözlənilməz zərbə alanların, xəyanət görən adamların dilindən işlədilən ifadə.
İfadə həm dini kitablardan, həm də qədim ədəbi nümunələrdən qaynaqlanır.
Bu ifadə qədim zamanlardan bəri ayrı-ayrı mənbələrdə müxtəlif şəkillərdə işlənilmişdir; məsələn, Qədim Roma yazıçılarında, «Bibliya»da və bir sıra ərəb müəlliflərinin əsərlərində həmin ifadəyə müxtəlif variantda rast gəlmək mümkündür.
Şərqdə çox məşhur olan «Tutinamə»də göstərilir ki, bir din adamı – zahid tez-tez «İlahi, məni dostlarımdan saxla!» deyib zikr eləyirmiş. Onun bu sözləri təkrarladığını görən Platon (antik yunan filosofu, e.ə. 428–348) həmin adama belə deyir: «Ey zahid, dostlardan yox, düşmənlərdən ehtiyat etmək lazımdır». Zahid isə belə cavab verir: «Eh, düşməndən qorunmaq olar, dostdan isə yox».
Bu məşhur aforizmin fransız yazıçısı və filosofu Volterə (1694–1778) aid edilməsi öz təsdiqini tapmır. Bəzi mənbələrdə aforizmin müəllifi qismində bir çox tarixi şəxsiyyətlərin (XV Lüdovik (1715–1774), Polşa kralı Y.Sobeski (1629–1696), B.Napoleon (1769–1821) və b.) adları da çəkilir.
İfadəyə müasir varianta ən yaxın mənada alman ilahiyyatçı-alimi İohann Manliusun 1563-cü ildə yazılmış «Ümumi yerlər» («Loci communes») kitabında rast gəlinir. Manliusun sözlərinə görə, Makedoniyalı İsgəndərdən (e.ə. 356–323) sonra hakimiyyətə gəlmiş çar Antiqon (ləqəbi Təkgöz – e.ə. 382–301) kahininə Allaha qurban kəsməyi tapşırır ki, ilahi qüvvələr onu dostlarından qorusunlar. Kahin soruşur: «Niyə düşmənlərdən yox, dostlardan?» Çar cavab verir: «Düşmənlərdən mən özümü qoruyaram, dostlardan isə özüm qoruna bilmərəm».
Bu kontekstdə böyük rus yazıçısı F.Dostoyevskinin də belə bir fikri məşhurdur ki, mən bütün zərbələri dostlardan aldım, çünki müdafiə sədlərini düşmənə qarşı qurmuşdum.
Məsəllər, deyimlər