►Mərdimazarlıq etmək, daim pislik üçün çalışmaq, bəd əməli ilə insanlara xətər yetirmək.
İfadə Məhəmməd peyğəmbərə aid olan bir hədisdən qaynaqlanır.
Həmin məşhur hədisdə deyilir ki, bir dəfə islam peyğəmbəri gölün yanından keçərkən uşaqların çimdiyini, bir kor uşağın isə kənarda qayğılı dayandığını görür. Uşağa yazığı gələn peyğəmbər əllərini qaldıraraq Allaha müraciət edir ki, həmin uşağın gözünü açsın və o da yaşıdları kimi şənlənib həyatdan zövq ala bilsin.
Allah öz peyğəmbərinin səsini eşidir və kor uşağın gözlərini açır. Peyğəmbər şad olaraq yoluna davam edir. Bir azdan sonra geri qayıdarkən o, gölün suyunun qana qərq olduğunu görür və müşahidə etdiyi mənzərədən dəhşətə gəlir. Gözləri açılmış uşaq bıçaqla iri qamışların ucunu yonaraq gölə basdırır. Nəticədə suya atılan uşaqlar nizə kimi şişuclu qamışlara keçir və həlak olurlar. Bunu görən peyğəmbər əllərini göyə qaldıraraq deyir: «Ya Rəbbim, sən göylərin sultanısan və hər şeyi bilənsən. Mən bu uşaqla bağlı xahişimi geri götürürəm».
Bu gün də el arasında başqalarına pislik etməyə çalışan, faciəyə səbəb olacaq iş tutan bədniyyət adamların əməli «Gölə qamış basdırmaq» ifadəsi ilə səciyyələndirilir.
Məsəllər, deyimlər