►Əhəmiyyətsiz, faydasız işlə məşğul olan, işə yalnız baş girləmək üçün gedib-gələn adamın «əməyini» qiymətləndirmək məqsədilə işlədilən ifadə.
İfadə «Bəyin oğurlanması» filmindən (1985) qaynaqlanaraq yayılmışdır.
«Azərbaycanfilm» kinostudiyasının çəkdiyi bu əyləncəli kinokomediya (ssenari müəllifi: M.Süleymanlı; rejissorlar: C.Mirzəyev və V.Mustafayev) cəmiyyət və insan səadəti uğrunda mübarizə haqqındadır. Bir kəndə gəlmiş çəkiliş qrupunun fəaliyyətindən bəhs edən süjet üzərində qurulmuş filmdə Həsənağa Turabov, Səyavuş Aslan, Nəsibə Zeynalova, Səməndər Rzayev, Yaşar Nuri, Arif Quliyev, Hacı İsmayılov və başqa görkəmli aktyorlar rol almışlar. Film daha çox milli koloriti və populyar ifadələri ilə yadda qalmışdır.
«Evdə də uşaqlar deyir ki, atamız işə gedib» ifadəsi kino çəkilişi qrupunda maliyyə işlərinə baxan Mustafanın (S.Aslan) dilindən səslənir. O, əhəmiyyətsiz və xırda hesab etdiyi işlərdən təngə gələrək bu ifadəni işlədir.
Məsəllər, deyimlər