►«Həqiqət eşitdiyin deyil, gözünlə gördüyündür» anlamında işlədilən deyim.
İfadə Şərqin məşhur şairlərindən biri, Böyük Moğol padşahı Əkbərin nədimi olmuş hindli müdrik Birbal (1528–1586) haqqında bir əhvalatdan qaynaqlanır.
Deyilənə görə, bir gün sarayda Birballa fəlsəfi mövzuda söhbət zamanı hökmdar ona belə bir sual verir:
– Birbal, de görüm, doğru ilə yalanın fərqi nədir?
– Gözlərlə qulaqlar arasında olan fərq kimidir, – deyə müdrik Birbal cavab verir.
Padşah incəliyi başa düşməyib bir də soruşur:
– Necə yəni? Nəyə görə belə hesab edirsən?
– Gözlərimizlə gördüklərimiz həqiqətdir, şah sağ olsun! Eşitdiklərimiz isə yalandır. Eşitməmisiniz, deyiblər: «Qulağa inanma, gözə inan». Yəni eşitdiyinə yox, gördüyünə inan.
Birbalın cavabı padşahın xoşuna gəlir.
Dilimizdə eşitməklə görməyin fərqini ifadə edən «yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır» kimi atalar sözü vardır.
Məsəllər, deyimlər