Bəşəriyyətin fasiləsiz bərpa olunması və yeniləşməsini təmin edən təbii artım proseslərinin cəmi.
Ə.T.A. brutto və netto-təkrar istehsal əmsalları ilə ölçülür. Brutto-təkrar istehsal əmsalı – reproduktivlik dövründə bir qadının orta hesabla doğduğu qız uşaqlarının sayına uyğun olaraq müəyyənləşdirilir və doğulan uşaqların müəyyən vaxtdan sonra formalaşdıracağı yeni valideyn nəslinin göstəricisidir. Bu göstəricinin hesablanmasında ölüm amili nəzərə alınmır, yəni reproduktiv dövrün sonuna qədər anaların və doğulan qız uşaqlarının sağ qalma ehtimalı qəbul edilir. Netto-təkrar istehsal əmsalı isə brutto əmsalından fərqli olaraq ölüm amilini (həyat cədvəlləri əsasında) nəzərə alır. Ə.T.A.-na görə ölkələr iki tipə bölünür. Birinci tipə təbii artımın aşağı (hər min nəfərə 2-10 nəfər), sıfıra bərabər, yaxud mənfi olduğu ölkələr daxildir. İkinci tipə isə artımın yüksək (hər min nəfərə 10 nəfərdən çox) olduğu ölkələr aid edilir. Əgər netto əmsalı 1-ə bərabərdirsə, onda doğum və ölüm nisbətləri əhalinin sadə təkrar istehsalını təmin edir. Netto əmsalı 1-dən aşağıdırsa, bu, əhalinin təkrar istehsalının azaldığının (yəni uşaq nəslinin valideyn nəslindən az olduğunun), yuxarıdırsa – təkrar istehsalın artdığının (uşaq nəslinin valideyn nəslinə nisbətən çoxluq təşkil etdiyinin) göstəricisidir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti