Reklam
Reklam

Məsəllər, deyimlər

DÜNYANI GÖZƏLLİK XİLAS EDƏCƏK

►Bütün məsələlərdə gözəlliyin rolunu qabardan və daha çox hərfi mənada işlədilən ifadə.

Aforizm böyük rus yazıçısı F.Dostoyevskinin «İdiot» romanından (1868) qaynaqlanaraq yayılmışdır.

Əsərdə bu ifadəni 18 yaşlı gənc İppolit Terentyev bir qədər açıq-saçıq və istehzalı intonasiya ilə söyləyir: «Knyaz, doğrudurmu, siz dəfələrlə demisiniz ki, dünyanı «gözəllik» xilas edəcək. Həzərat, – o, ucadan bağırdı, – knyaz təsdiq edir ki, dünyanı gözəllik xilas edəcək!» Ümumiyyətlə, Dostoyevski bu romanda bir çox epizodlarda knyaz Mışkinin dili ilə danışaraq insandakı gözəllikləri əxlaqi keyfiyyətlərin toplusu kimi təqdim edir. Bu isə romanın əsas ideyasına – müsbət və gözəl insan obrazı yaratmaq məqsədinə uyğun gəlir.

F.Dostoyevskinin yaradıcılığını araşdırmış D.Merejkovski və N.Baxtin kimi alimlər bu qənaətdədirlər ki, bir yazıçı kimi onun əsərlərində xüsusi estetik kateqoriyalar, o cümlədən gözəllik haqqında ayrıca söhbət açılmır. Amma F.Dostoyevskinin əsas idealı insanın mənəvi kamilliyi, onun daxili aləminin gözəlliyidir və bu yanaşma da mahiyyət etibarilə alman filosofu İ.Kantın gözəllik haqqında fikirlərindən qaynaqlanır.

İfadə insan həyatında və dünyada mühüm estetik kateqoriya kimi gözəlliyin rolunu müəyyən etmək mənasında geniş işlənir.

Məsəllər, deyimlər