Reklam
Reklam

Məsəllər, deyimlər

DÖRDÜNCÜ HAKİMİYYƏT

►Mətbuata, kütləvi informasiya vasitələrinə verilən məcazi ad.

İfadəni ilk dəfə ingilis filosofu, publisisti və siyasi xadimi Edmund Berk (1729–1797) işlətmişdir.

E.Berk bu ifadəni parlamentdə iclasları izləyən və real hakimiyyəti olan din xadimləri, aristokratlar və burjuaziya nümayəndələrindən fərqli olaraq heç bir rəsmi səlahiyyəti olmayan, yalnız iclasları müşahidə edərək hesabat yazmaqla kifayətlənən reportyorların oturduğu qalereyaya aid etmişdir. O həmin ifadəni 1776-cı ildə yazdığı bir məqaləsində ilk dəfə «dördüncü zümrə» (təbəqə) şəklində işlətmişdir.

İfadənin məşhurlaşması daha çox onun məna çalarını genişləndirmiş Şotlandiya tarixçisi və publisisti Tomas K.Makoleyin (1795–1881) adı ilə bağlıdır. O, «Edinburq revyü» jurnalında çap etdirdiyi «Hallamın əsas qanunlarının tarixi» adlı məqaləsində (1828) qeyd etmişdir ki, parlamentdə «reportyorların əyləşdiyi dördüncü qalereya artıq bizim krallığın dördüncü təbəqəsinə çevrilir». XIX əsrin sonlarında Amerika jurnalistləri ifadəni bir qədər də dəyişərək «hakimiyyətin dördüncü qolu» formasına salmış və ona tamamilə başqa məna vermişlər: prezident administrasiyasından heç bir asılılığı olmayan, lakin ictimai həyatda nüfuzlu bir güc kimi hökumətin fəaliyyətini tənqid etmək haqqı qazanmış müstəqil ictimai institut.

Mətbuata «müstəqil güc» mənasını verən «dördüncü hakimiyyət» ifadəsi özündə real səlahiyyətləri olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti üzərində KİV-in cəmiyyət adından ictimai nəzarətçi rolunu ehtiva edir. Təbii ki, belə həqiqi ictimai nəzarət funksiyasını yalnız demokratik şəraitdə reallaşdıra bilir.

Müasir dövrdə mətbuata münasibətdə «zəngli saat», «yeddinci hakimiyyət», «keşikçi köpəyi», «demokratiyanın dördüncü dayağı», «xalqın səsi» və s. ifadələr də işlədilir.

Məsəllər, deyimlər