Reklam
Reklam

Məsəllər, deyimlər

DƏVƏQUŞU TAKTİKASI

►Hamının gördüyü şəkildə gizlənməklə yaxasını guya təhlükədən qurtarmağı mümkün hesab edən səfeh adamların davranışını səciyyələndirən ifadə.

İfadə dəvəquşunun təhlükədən «qorunmaq» tərzi ilə bağlı yaranmışdır.

Cəmiyyət və insan münasibətləri kontekstində işlədilən bu ifadə dəvəquşunun dünyada ən böyük quş olmağı, yaxud onun sürətlə qaçmağı ilə bağlı yaranmamışdır. Hətta bu ifadənin onun gözəl lələklərinə (keçmişdə dəvəquşu lələkləri qadın geyimlərinin ayrılmaz hissəsi idi) də dəxli yoxdur.

Sən demə, dəvəquşu yaxınlaşan təhlükəyə qarşı göstərdiyi reaksiya ilə daha çox məşhurlaşmışdır. O, təhlükədən «sovuşmaq» üçün başını ya yumşaq qumun içində, ya da öz lələklərinin arasında gizlədir. Məhz bu fəndlə guya düşmənlərdən gizlənə biləcəyinə və təhlükənin ondan yan keçəcəyinə ümid edir.

«Dəvəquşu taktikası», «başını dəvəquşu kimi gizlətmək», «dəvəquşu hiyləsi» ilk dəfə alman dilində yaranmış, sonra isə digər Avropa dillərinə yayılmışdır. Bu ifadə insanla əlaqələndiriləndə məcazi səciyyə daşıyır və risk etmək arzusunun olmadığını, təhlükə ilə üzləşməkdən qaçmaq istəyini ifadə edir.

Məsəllər, deyimlər