►İnsanın düşdüyü qeyri-adi, xoşagəlməz vəziyyətlə barışmaqdan başqa çarəsi olmadığını bildirən ifadə.
İfadə «Koroğlu» dastanının geniş yayılmış «Həmzənin Qıratı aparması» qolundan qaynaqlanır.
Qıratı oğurlamaq məqsədilə Koroğlunun yanına göndərilmiş Keçəl Həmzə, işlətdiyi hiylə nəticəsində Koroğlunun mehtəri olur. Qıratı əldə etmək mümkün olmadığından o, gecə ikən Düratı götürüb qaçır. Bundan xəbər tutan Koroğlu Qıratı minib onun dalınca çapır. Həmzə Qırxdəyirmanlara yaxınlaşarkən arxadan Koroğlunun onu təqib etdiyini başa düşür və yeni bir hiylə işlədir. Qarşıdakı dəyirmana girib dəyirmançı ilə paltarını dəyişir, onun paltarını geyib üz-gözünü unlayır və dəyirmanı işlətməyə başlayır.
Bu vaxt Koroğlu gəlib çıxır, atlının hara getdiyini soruşur. Sonra Qıratdan düşüb «dəyirmançı»dan atı saxlamağı xahiş edir. Koroğlu dəyirmana girən kimi dəyirmançı paltarı geymiş Həmzə Qıratın üstünə atılır. Koroğlu bayıra çıxıb əhvalatı başa düşür, lakin Qırata çatmağın mümkünsüzlüyünü görüb Həmzəni izləməkdən vaz keçir. O, Həmzəni səsləyib yalnız Qıratı incitməməsini və ucuz satmamasını xahiş edir. Həmzə getdikdən sonra «dəyirmançılıq» etməyə məcbur olan Koroğlu «çünki oldun dəyirmançı» misrası ilə başlanan məşhur qoşmasını oxuyur:
Çünki oldun dəyirmançı,
Çağır gəlsin dən, Koroğlu!
Verdin Qırı, aldın Dürü,
Döy başına, yan, Koroğlu!
İfadə bizim günlərdə kifayət qədər işləkliyini saxlayır. Hər hansı işi görməyə məcbur olan, düşdüyü vəziyyəti alın yazısı kimi qəbul edənlər öz durumlarını məhz bu ifadə ilə anlatmağa çalışırlar.
Məsəllər, deyimlər