►Səbirli olmağın, bir hadisənin, bir şeyin sonrasını, əsas nəticəni gözləməyin, qəti qərar çıxarmağa tələsməməyin vacibliyini vurğulayan ifadə.
İfadə xalq məişətindən qaynaqlanır.
Adətən, toyuq yazda kürt düşür. Toyuq üç həftə yumurtanın üstündə yatdıqdan sonra həmin yumurtalardan çıxan cücələr çox kiçik, zəif olduqlarından payıza qədər 40–60 faizi ölür və yaxud qurd-quşa yem olur. «Cücəni payızda sayarlar» ifadəsi də elə buradan yaranıb. Bəzən bir işin əvvəlində çox öyünən adamlar haqqında kinayə ilə, bəzən də başlanğıcda zəif olan bir işin gələcəyinə böyük ümid bəslənildikdə bu məsəli çəkirlər.
Dilimizdə bu deyimlə səsləşən «Arxı hoppanmamış «hop» deməzlər» ifadəsi də işlənir.
Məsəllər, deyimlər