Reklam
Reklam

Məsəllər, deyimlər

ÇOX YEMƏK ADAMI AZ YEMƏKDƏN DƏ QOYUR

Hər hansı şəraitdə insanın öz nəfsinə yiyəlik etmədiyini, artıqtamahlığa və qudurğanlığa yol verdiyini bildirən ifadə.

İfadə böyük rus şairi A.S.Puşkinin «Balıqçı və qızılbalıq» əsərindən qaynaqlanmışdır.

Qoca balıqçının toruna düşmüş qızılbalıq dənizə buraxılmasının müqabilində qocanın bütün arzularını yerinə yetirəcəyinə söz verir. Balıqçı heç bir şey istəmədən balığı dənizə atıb evinə qayıdır. «Heç olmasa, sınıq təknəmizin əvəzinə təzəsini istəyəydin», – deyə ərini qarısı bu «qəbahətinə» görə məzəmmət edir. Kişi sahilə qayıdıb qızılbalığı çağırır, ondan təzə təknə istəyir, evə dönüb xahişinin yerinə yetirildiyini görür. Lakin acgöz, tamahkar qarı ərini bir neçə dəfə qızılbalığın yanına göndərməklə ona əvvəl təzə ev, sonra zadəganlıq, daha sonra isə çarlıq verməsini tələb edir.

Tamahkar və qudurğan qarı bütün bunlarla kifayətlənməyərək bütün dənizlərin hakimi olmaq istədiyini və qızılbalığı da öz yanında xidmətçi kimi görmək niyyətini bildirir. Qoca balıqçı dəniz sahilinə gəlir və qızılbalığı çağırıb qarısının istəklərini ona çatdırır. Bu sözləri eşidən balıq quyruğunu tərpədib heç bir cavab vermədən dalğalar arasında gözdən itir. Balıqçı əlacsız qalıb evə dönür, amma əvvəlki cah-calaldan bir iz belə qalmadığını, sarayın yerində köhnə daxmalarını, qarını isə sınıq təknə ilə birlikdə qəmgin-qəmgin oturub ağladığını görür.

Məsəllər, deyimlər