Reklam
Reklam

Məsəllər, deyimlər

BUĞDA YEYİB CƏNNƏTDƏN (BEHİŞTDƏN) ÇIXIB

►Hər şeyə etinasız yanaşan, hətta həyatında və ətrafında baş verən ən ağır hadisələri də ciddi qəbul etməyən, laqeyd adamlara münasibətdə işlədilən ifadə.

İfadə Adəmlə Həvvanın Cənnətdən qovulması ilə bağlı məlum rəvayətdən qaynaqlanır.

«Qurani-Kərim»də qeyd olunur ki, göylərin, Yerin və başqa varlıqların yaranışından sonra Allah-taala onların ən üstününü, ən şərəflisini, yəni insanı – Adəmi yaradaraq onu yer üzündə özünə xəlifə seçdi. «Quran»a görə, Allah insanı gildən yaratdı, sonra öz ruhundan ona üfürdü, ardınca mələklərə ona səcdə etməyi əmr etdi və İblisdən başqa hamı Allahın fərmanına tabe olduğunu bildirdi.

Adəm təklikdən əziyyət çəkdiyi üçün Allah Həvvanı yaratdı. Allah onlara müxtəlif nemətlərdən bəhrələnməyə və behiştdə məskən salmağa icazə verərək belə xitab etdi:

– Ey Adəm, sən zövcənlə (Həvva ilə) birlikdə Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən istədiyiniz kimi bol-bol yeyin, yalnız bu nemətə (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız! («Bəqərə» surəsi, ayə 35).

Bundan əlavə, Allah İblisin düşmənçiliyini yenə də onlara xatırlatdı və dedi: «Elə bir iş görməyin ki, behiştdən çıxarılasınız». Beləliklə, Adəm ilə Həvva behiştdə məskunlaşaraq onun müxtəlif nemətlərindən dadırlar.

Adəmi özünün Allah dərgahından qovulmasının baiskarı bilən Şeytan nəyin bahasına olursa olsun onu düz yoldan sapdırmağa çalışırdı. Şeytan öz məqsədinə yetişmək üçün Adəmə «əgər bu nemətdən yesəniz, mələyə dönərək həmişəlik behiştdə qalacaqsınız» deyirdi.

İblisin hiyləsinə uyan Həvva ilə Adəm qadağan edilmiş buğdaya yaxınlaşıb ona əl vurdular, bu əməl onların behişt nemətlərindən məhrum qalmasına, oradan qovulmalarına səbəb oldu. Adəmlə Həvva yerə endirildilər.

Dini mənbələrdə Adəm və Həvvanın Cənnətdə buğda yeməsi ən böyük günah hesab olunur. Onlar bu dünyadakı həyatın bütün əzab və əziyyətlərini həmin günahın nəticəsi sayırlar.

Məsəllər, deyimlər