Reklam
Reklam

Məsəllər, deyimlər

BOYAQÇI KÜPÜ DEYİL Kİ...

►Bir işin asanlıqla, qısa bir zamanda, tez-tələsik başa gəlməyəcəyini bildirmək üçün işlədilən ifadə.

İfadə boyaqçılıq sənətinin inkişafı ilə bağlı yaranmışdır.

Keçmişdə boyaqxanalar kiçik dükanlarda, bəziləri isə açıq meydan və bazarlarda yerləşirdi. Boyanmalı olan ipi və ya parçanı yerə basdırılmış boyaq küpünün içərisinə salıb bir qədər saxladıqdan sonra kənara çıxarır və bütün bu işi müştərinin yanında görürdülər.

Peşələr içərisində ən az vaxt aparan və qısa müddət ərzində icra edilən boyaqçılıq çox asan iş sayılırdı. Buna görə də xeyli vaxt alan çətin işi təcili görmək tələb olunanda «boyaqçı küpü deyil ki, tez-bazar əlimi salıb istədiyin rəngi çıxardım» deyirdilər.

El arasında «elə bil boyaqçı küpündən indi çıxıb» kimi bir deyim də var. Bu deyim, adətən, ənlik-kirşandan, kosmetikadan həddindən çox istifadə edən qadınlar haqqında işlədilir.

Məsəllər, deyimlər