►Hər hansı situasiyada gedən söhbətin məğzini bilməyən adamın vəziyyətdən çıxmaq üçün zarafatla işlətdiyi ifadə.
İfadə Molla Nəsrəddinin məşhur bir lətifəsindən qaynaqlanır.
Bir gün minbərə çıxıb nə deyəcəyini bilməyən Molla üzünü camaata tutaraq soruşur:
− Camaat, heç bilirsiniz, sizə nə deyəcəyəm?
Məsciddəkilər bir ağızdan «xeyr, bilmirik» cavabını verirlər.
Molla deyir:
− Madam ki bilmirsiniz, daha mən sizə nə deyim, dağılın gedin evinizə!
Sabahı gün o, yenə həmin sualı verdikdə dünənki cavabın nəticəsindən ibrət dərsi almış kənd camaatı «bəli, bilirik» cavabını verir.
Molla bunu eşidən kimi deyir:
− Çox gözəl, indi ki mənim deyəcəyim sözləri əvvəlcədən bilirsiniz, daha mənim deməyim artıqdır. Dağılın evinizə və mənim deyəcəyim sözlərə əməl edin!
Camaat naəlac qalaraq yenə öz evinə qayıtmalı olur.
Sabahı gün məscidə toplaşmazdan əvvəl kəndlilər belə qərara gəlirlər ki, onların bir qismi Mollanın sualına mənfi, bir qismi isə müsbət cavab versin.
Molla yenə minbərə çıxıb:
− Ey camaat, mənim bu gün sizə vəz edəcəyim sözləri bilirsinizmi? − deyə soruşduqda məsciddəkilərin bəzisi «bəli, bilirik!», bəzisi isə «xeyr, bilmirik!» cavabını verir.
Molla bu dəfə də ustalıqla vəziyyətdən çıxaraq deyir:
− Çox gözəl, onda bilənlər bilməyənlərə öyrətsin.
Bu ifadə həm şifahi nitq zamanı, həm də yazılı nümunələrdə işlədilir.
Məsəllər, deyimlər