►Günahını danmaq, özünü təmizə çıxarmaq üçün aldatmaq, yalan satmaq, verdiyi sözün üstündə durmamaq.
İfadə el arasında dolaşan əmanətə xəyanət edən bir çoban haqqındakı rəvayətlə bağlıdır.
Həmin rəvayətə görə, bir varlı kişi çobana yüz qoyun tapşırır. Belə şərt kəsir ki, doğulan quzuları və qoyunların yununu özünə götürərsən, amma yüz qoyunu bir ildən sonra salamat qaytararsan. Çoban tamahkar olduğuna görə qoyunların bir qismini satır, bir qismini də kəsib yeyir. Vaxt tamama yetəndə əliəyri çoban hiyləyə əl atır. Axırıncı qoyunu da kəsib yedikdən sonra dərisini çiyninə salıb qoyun sahibinin yanına gedir. Qoyun sahibi çobanı gülərüzlə qarşılayır, qoyunların vəziyyətini soruşur. Çoban yazıq görkəm alıb barmaqlarını qatlaya-qatlaya sayıb qoyunların hesabını verməyə başlayır. Deyir ki, dolamadan dovdaq uçdu, həştadı ürküyə düşdü. Sonra dörd toğlu qayadan uçdu, dalınca da beşi getdi. Qoyun sahibi soruşur ki, bəs heyvanların qalanı necə oldu? Çoban halını pozmadan bu suala şeirlə cavab verir:
Burdan getdik Muğana,
Üçün verdik soğana.
Beşini verdim Fatı üçün tumana,
Biri yanı üstə yatdı,
Biri palçığa batdı.
Dünən ölüb birisi,
Bu da onun dərisi!
İndi də el arasında biri başqasını aldatmaq, yol verdiyi qəbahəti ört-basdır etmək üçün yalan satmaq istəyəndə «mənə barmaqhesabı göstərmə» ifadəsini işlədirlər.
Məsəllər, deyimlər