►Əsasən, əyləncə xarakterli, qeyri-ənənəvi kef məclisləri haqqında danışılarkən işlədilən ifadə.
İfadə «Şərikli çörək» filmindəki (1969) məşhur fraqmentdən qaynaqlanmışdır.
Binanın həyətində «həyatı göstərən» aparatı ilə gəzən, məhəllə uşaqlarının dili ilə desək, «fokus göstərən» kişi aparatdakı fotoları əlavə ödəniş müqabilində özünəməxsus formada şərh edir. Həmin fotolar arasında səhnədə qadın kostyumları ilə təsvir edilən üç kişi artist rəsminin izahı isə məhz bu şəkildə səslənir: «Baden-Badenin mavi gecələri».
Çoxlarının ehtimalına görə, bu ifadədə vurğulanan «mavi gecələr» leksik vahidi qeyri-ənənəvi cinsəlliyə işarədir.
Əslində isə Almaniyanın turizm şəhəri olan Baden-Badenin özünün və yerli əhalisinin «mavilik»lə heç bir əlaqəsi yoxdur. Sadəcə şəhər çox zəngin turistlərin axışdığı yer olduğundan orta və ya kasıb adamlar burada dincələ bilməzlər, yalnız varlılara xidmət olunur. Çünki əyləncə məkanları, kazinolar, otellər həddindən artıq bahadır. Dünyanın hər yerindən gəlmiş gənc oğlan və qızlar isə zəngin turistləri əyləndirmək üçün dondan-dona («mavilik» də daxil olmaqla) girir, müxtəlif səhnəciklər göstərirlər.
Məsəllər, deyimlər