Reklam
Reklam

Məsəllər, deyimlər

ATLA GEDİŞ ETMƏK

Hər hansı mürəkkəb və dolaşıq vəziyyətdə, qarşıdurmada qalib gəlmək üçün hiylə işlətmək, ağlagəlməz taktika qurmaq, gözlənilməz gediş etmək.

İfadə II Dünya müharibəsi zamanı məşhur alman diversantı Otto Skortseninin həyata keçirdiyi hərbi əməliyyatdan sonra yayılmışdır.

Mənşəcə avstriyalı olan və hərbi kəşfiyyat istedadı ilə ad çıxarmış O.Skortseni həmin hərbi əməliyyat zamanı düşmənin gözlədiyi ənənəvi istiqamətdən deyil, şahmat oyununda at fiqurunun gedişinə bənzər manevr edib rəqibə ağır zərbə vurmaqla qalib gəlmişdir.

Adətən, şahmat oyununda «atla gediş etmək»in mənası odur ki, digər fiqurların gedişindən fərqli olaraq at fiquru birbaşa, açıq deyil, dolayısı ilə müəyyən fiquru oyundan qəfil kənarlaşdırır. Yəni at fiquru şahmat taxtası üzərində düz xətlə deyil, qırıq xətt boyu hərəkət etdiyindən onu daim nəzarətdə saxlamaq, edəcəyi gedişi əvvəlcədən müəyyənləşdirmək çətin olur.

Məhz qeyri-adi gedişi sayəsində at gözlənilməz və «hiyləgər» hücumlar edə bilir. Elə bu xüsusiyyətə görə də «atla gediş etmək» ifadəsi daha çox məcazi mənada işlədilir. Həyatın müxtəlif hadisələrində hiyləgər, bəzən isə əvvəlcədən düşünülmüş məkrli zərbə, müəyyən döyüşdə dolayı manevr bu deyimlə ifadə olunur.

Məsəllər, deyimlər