►Özünü intellekt sahibi, elm-bilik adamı kimi göstərən, lakin vacib məqamda adi şeyləri bilməyən şəxslər haqqında işlədilən ifadə.
İfadə M.F.Axundzadənin məşhur «Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur» pyesindən və həmin pyes əsasında çəkilmiş «Dərviş Parisi partladır» filmindən (1976) qaynaqlanır.
Hətəmxan ağanın yanında nökərlik edən Qəmbərin dilindən səslənən ifadə ədəbi materialda «adını alim qoyub, otların adını da bilmir» şəklindədir. O, Parisdən gəlmiş nəbatat alimi müsyö Jordanın otları tanımadığına heyrətlənir və ona irad tutarkən bu ifadəni işlədir.
Pyesdə və filmdə yazıq bir adam kimi təsvir olunan Qəmbər üçaylıq mollaxana dərsindən savayı heç bir təhsil görməyib, amma qabı tamamilə boş da deyil. O, üstündə gəzdiyi torpağı, təbiəti, otları, xüsusən dərman bitkilərini yaxşı tanıyır. Odur ki Qəmbər «Firəngistan»dan gələn alim adamın otları dərhal tanımadığını görəndə təəccüblənir və haqqında danışdığımız məşhur ifadəni işlədir.
Biz bu gün də özünü savadlı, intellektual, hər şeydən xəbərdar, elm-bilik adamı kimi göstərən, lakin həlledici anda adi şeyləri bilməyən şəxslər haqqında «adını alim qoyub» replikasını işlədirik. Bəzən intellektual saydığımız bir şəxsdə hansısa çatışmazlığı gördükdə də ərklə bu ifadəni dilimizə gətiririk.
Məsəllər, deyimlər